Tərləmə normal haldır, amma çox tərləmə artıq problem sayılır. Xüsusilə havaların isti olduğu dövrdə bu problem daha qabarıq şəkildə ortaya çıxır. Çox tərləmənin bir çox səbəbləri var. e-tibb.az Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin normadan artıq tərləmə - hiperhidroz (Hyperhidrosis), onun səbəbləri, müalicəsi, eləcə də bitkilərlə müalicəsi haqda məqaləsini təqdim edir: Tərləmə  bədənin  isti  və  soyuq  balansını  və  bununla  da  orqanizmin  termorequlyasiya mexanizmini tənzimləyir. İnsan bir gündə 500-900 sm³ tər ifraz edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır. Tər vəziləri uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əhatə edir. Həmin kapilyardan axan qan tər vəzilərinə tərkibində həll olunmuş halda az miqdarda xörək duzu, sidik cövhəri və bəzi başqa  maddələr olan su gətirir. Yumaqcıqlarda əmələ gələn tər, tər axacaqları vasitəsilə dəri üzərinə tökülür. Tər vəzilərinin iki növü var. Sadə və ya merokrin (ekkrin) və apokrin tər vəziləri ayırd olunur.  Sadə  tər  vəziləri  (glandulae  sudoripare)  borulu  quruluşa  və  merokrin  sekresiya  tipinə (əvvəlki adı  ekkrin)  malikdir. Onlar  hüceyrələrin sekretor  fəaliyyəti, həmçinin  osmos-diffuziya proseslərinin iştirakı  nəticəsində tər  hasil  edilir. Histokimyəvi olaraq tər  vəzilərində RNT,  turş fosfatazanın, karboksilazanın, esterazaların,  enerji mübadiləsi  fermentlərinin  fəallaşması nəzərə çarpır. Tər  vəzisinin  distal  hissəsi  yumaqcıq  şəklində  (burulmuş  uc  hissəsi)  adətən  derma  və dərialtı piy toxumasının sərhəddində yerləşmişdir. Uzun axacaq şaquli istiqamətdə dərinin səthinə doğru  yönəlmişdir  və  burğuşəkilli əyri  yarıqla qurtarır.  Ovucda, dabanda  və  üzdə  tər  vəziləri xüsusilə çoxdur.  Tər  vəziləri  kişilərdə  cinsiyyət üzvünün  kəlləsində,  qadınlarda kiçik  cinsiyyət dodaqlarının xarici səthində olmur. Dəri örtüyünün digər sahələrində tər vəziləri disseminasiyalı şəkildə yerləşmişdir. Dərinin 1 sm2 səthində 200-dən 800-ə qədər tər vəziləri var. Həddindən  artıq  tərləmə  vəziyyətində  əksəriyyətimiz  tez-tez  duş qəbul  edir  və dezodorantlardan  faydalanırıq,  lakin  bu,  daimi  bir  həll  yolu  deyil,  sadəcə,  tər  qoxusunun yaranmasının  qarşısını  alır.  Bu,  müvəqqəti,  qısamüddətli  bir  həll  olacaqdır.  Xroniki  böyrək çatışmazlığı, tiroid vəzinin düzgün işləməməsi, həddindən artıq alkoqol, qəhvə və ədviyyatlı qida qəbulu, nevroloji  və  ya  hormonal  problemlər nəticəsində  həddindən  artıq  tərləmə  problemi  ilə qarşılaşa bilərik.  Bu vəziyyətlərə əlavə  olaraq müayinələr  tamamilə normal  olsa da,  həddindən artıq tərləmə görülə bilər. Hiperhidrozun müalicəsində bir neçə metoddan istifadə olunur: 1. Tərkibində 10-25%-li aliminium xlorid (AlCl3) olan antiperspirantların istifadəsi; 2. İontoforez (Iontophoresis) - İontoforez, həddindən artıq tərləmənin problem olduğu bölgələrdə yüngül elektrik cərəyanlarını dəriyə keçirən bir müalicədir. Bədənə adi sudan istifadə  edərək  ötürülür. Ümumi  problemli  bölgələr  qoltuqaltı,  əllər  və ayaqlardır, lakin hiperhidroz bədənin hər hansı bir hissəsinə təsir edə bilər; 3. Dərman preparatları - antixolinergik dərmanlar,  beta blokatorlar, kalsium kanal blokatorları,  QSİƏP  preparatlar  və  s.  Bu  preparatların  istifadəsi bəzi  hallarda tərləməni azalda bilər, lakin yan təsirlərinə görə məsləhət görülmür; 4. Botox; 5. Tər vəzilərinin cərrahi üsulla çıxarılması və ya onların aktivliyinin azaldılması; 6. Simpatektomiya (Sympathectomy) - onurğa  beynindən  çıxan  simpatik sinirlərin fəaliyyətinin kimyəvi və ya cərrahi yolla dayandırılması; 7. Fitoterapevtik üsul - digərlərinə nisbətən ən az yan təsirlərə malik metoddur ki, ev şəraitində də istifadəsi mümkündür. Çobanyastığı hamamı xüsusilə ayaq və əllər üçün istifadə edilə bilər. Vannada yeddi xörək qaşığı  çobanyastığı  çiçəyinin  üstünə  iki  litr  qaynar  su  əlavə  edin.  Su  ilıq  olduqdan  sonra ayaqlarınızı və ya əllərinizi 40 dəqiqə suda saxlayın. İki həftə boyunca hər axşam tətbiq edin və səhər saatlarında talk tozu istifadə edin. Bu üsulu palıd qabığı ilə də tətbiq etmək mümkündür. Gicitkən və  adaçayı  otunun  hər  birindən bir  xörək qaşığı  götürün  və  üzərinə yarım litr qaynar su əlavə edin, soyuyana qədər gözləyin. Bir ay ərzində gündə 4 dəfə yeməkdən 1saat sonra bir fincan içə bilərsiniz. Problemli sahələri mümkün qədər tez-tez  alma sirkəsinə batırılmış pambıqla silin. Duşdan əvvəl problemli sahələri 10 dəqiqə ərzində kompres edin. Bunu etmək üçün yarım stəkan suya 1 xörək qaşığı sirkə tökün, qarışdırın və problemli yerə tətbiq edin. Qarışıq tətbiq olunduqdan sonra isti su ilə duş qəbul edin. Müalicə müddəti nizamlı olaraq 14 gündür.