Yüksək qan təzyiqi çox vaxt düzgün olmayan qidalanma və həyat tərzi ilə əlaqələndirilir. Foodinfo.az 1001sovet-ə istinadla xəbər verir ki, həkimlər bəzi sadə qida vərdişlərinin dərmansız şəkildə təzyiqin normallaşmasına kömək etdiyini bildirirlər. Onların sözlərinə görə, bu baxımdan duzsuz, çiy pomidorun gündəlik rasiona daxil edilməsi xüsusilə faydalıdır.

Kardioloq Nişit Çandra qeyd edib ki, yüksək təzyiqdən əziyyət çəkən pasiyentlərə ilk növbədə dərman deyil, iki-üç həftəlik düzgün qidalanma və fiziki hərəkət proqramı tövsiyə olunur. Onun müşahidələrinə əsasən, xəstələrin təxminən 30 faizi yalnız həyat tərzini dəyişməklə qan təzyiqini normaya sala bilir.

Avropa Profilaktik Kardiologiya Jurnalında dərc olunan araşdırmada bildirilir ki, mütəmadi olaraq pomidor və pomidor məhsulları qəbul edən insanlarda yüksək təzyiq riski üçdə bir nisbətində azalır. Hətta təzyiq problemi olmayan şəxslərdə belə, pomidorla zəngin qidalanma gələcəkdə bu riskin xeyli aşağı düşməsinə kömək edir.

Mütəxəssislər izah edirlər ki, yüksək qan təzyiqinin əsas səbəblərindən biri qida vasitəsilə orqanizmə artıq duzun daxil olmasıdır. Buna görə də gündəlik natrium qəbulu 1500–2000 milliqramdan çox olmamalıdır. Pomidor isə kaliumla zəngin olduğundan natriumun mənfi təsirini tarazlaşdırmağa kömək edir.

Bundan əlavə, pomidorun tərkibində olan likopin damar divarlarının elastikliyini qoruyur, qan dövranını yaxşılaşdırır və təzyiqin tənzimlənməsinə müsbət təsir göstərir. Həkimlər vurğulayırlar ki, pomidor ən yaxşı halda çiy və duzsuz şəkildə istehlak edilməlidir. Güclü istilik və ya duz əlavə edildikdə onun faydalı xüsusiyyətləri azalır.

Mütəxəssislərin sözlərinə görə, ürək-damar sağlamlığı üçün faydalı hesab edilən Aralıq dənizi qidalanma tərzində də pomidor əsas yer tutur və adətən çiy halda, az miqdarda zeytun yağı ilə qəbul olunur. Belə qidalanma, fiziki fəallıq və keyfiyyətli yuxu ilə birlikdə qan təzyiqinin təbii yolla qorunmasına kömək edir.