Südəmər və məktəbəqədər uşaqların qida rasionunda vitaminlər və mineralların da miqdarına diqqət yetirmək vacib məqamlardan biridir. Foodinfo.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən bildirir ki, bunlardan göz, dəri və daxili orqanların selikli qişasının sağlamlığı üçün vacib olan A vitamini qaraciyər, süd məhsulları, balıq yağı, tünd-yaşıl yarpaqlı və sarı (məsələn kök) tərəvəzlərin tərkibindədir. Sümüklərin formalaşmasında əvəzsiz rol oynayan D vitamini balıq yağı, qaraciyər, balıq məhsullarının tərkibində, antioksidant xüsusiyyətə malik olan E vitamini bitki yağı, qoz, yaşıl yarpaqlı tərəvəzlərin tərkibində, yaraların sağalması zamanı toxumaların bərpasında vacib rol oynayan C vitamini sitrus meyvələri, pomidor, kələmin tərkibində, sinir sisteminin, maddələr və enerji mübadiləsinin tənzimlənməsi, qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) əmələ gəlməsində əvəzsiz rol oynayan B qrupu vitaminləri (B1, B2, B3, B6, B12) taxıl və paxlalı bitkilər, ət, süd, yumurta, balıq, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibindədir.
Sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayan fol turşusu qaraciyər, portağal şirəsi, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində; zülal və karbohidrat mübadiləsində çoxsaylı reaksiyaları tənzimləyən pantoten turşusu heyvan mənşəli qida məhsulları, paxlalı bitkilərin tərkibində üstünlük təşkil edir.
Vitaminlərlə bərabər, bir sıra minerallar vardır ki, onlar əvəzedilməz qida mikroelementləri olmaqla, uşaqların böyümə, inkişaf və sağlamlığında mühüm rol oynayır. Südəmər və məktəbəqədər uşaqlar üçün bu minerallardan ən əhəmiyyətliləri yod, sink, kalsium və natriumdur. Qalxanabənzər vəzin hormonlarının sintezində və bununla da maddələr mübadiləsinin tənzimlənməsində əvəzedilməz substrat olan yod yodlaşdırılmış duz, dəniz məhsulları, bəzi bitki və heyvan mənşəli qida məhsullarının tərkibində; yaraların sağalması, fiziki və reproduktiv inkişafı təmin edən sink ət, balıq, yumurta, taxıl və paxlalı bitkilərin tərkibində; sümük və dişlərin inkişafı və formalaşmasında, sinir impulslarının ötürülməsində əvəzsiz rol oynayan kalsium süd, pendir, krevetka, balıq əti (qızılbalıq, sardina, siyənək), yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində, hüceyrədaxili mübadilə və turşu-qələvi balansının tənzimlənməsində əvəzsiz rol oynayan, sinir və əzələ liflərinin funksiyalarının yerinə yetirilməsində hüceyrələrin elektrik aktivliyini tənzimləyən natrium isə daha çox duz, ət, balıq, yumurta, süd məhsullarının tərkibində üstünlük təşkil edir.
Uşaq qida rasionunda çox yağlı ət, həmçinin yağlı quş əti (məsələn, ördək, qaz əti), eləcə də kəskin ədviyyatlar və qida əlavələri (sirkə, istiot) istisnalıq təşkil edir.