Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, 6 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 32 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 14, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.