Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb. Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq təqdiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub. Eləcə də bu işdə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb.
AQTA-nın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin (“Rospotrebnadzor”) F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.
Qeyd edək ki, AQTA və AQTİ nümayəndə heyəti 25-27 yanvar tarixlərində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
[gallery ids="53280,53281"]