Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.      

Agentlikdən Foodinf.az-a verilən xəbərə görə, tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Bakı şəhərində fəailiyyət göstərən müxtəlif növ pestisid və aqrokimyəvi maddələrin satışı mağazalarında, Nərimanov rayonunda yerləşən inşaat materiallarının (taxta satışı) satışı yerlərində, Xəzər rayonu, Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə” MMC və “Alza Holding” MMC-yə məxsus istixana tipli meyvə bağlarında keçirilmiş görüşlərdə zərərvericinin yayılma yolları, inkişafı, qidalanması, məskunlaşma yerləri, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilib. Zərərvericinin payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılmasına xüsusi diqqət yetirilməsi diqqətə çatdırılıb. Həmçinin qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.