Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi rayonuna səfəri çərçivəsində “Atena” MMC-də olub. 

Foodinfo.az xəbər verir ki, Agentliyin sədri “Atena” MMC-yə məxsus süd zavoduna və maldarlıq fermasına baxış keçirib. Q.Təhməzli zavoda daxil olan xammal, istehsal prosesi, müəssisədə sanitar-gigiyenik tələblərin gözlənilməsi və avtomatlaşmış idarə sistemləri ilə tanış olub. Eyni zamanda Agentlik sədrinə fermada saxlanılan heyvanlar, istehsal olunan məhsul, heyvanlara göstərilən baytarlıq xidmətləri, xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, fermanın daxilində bioloji təhlükəsizliyin tələblərinin gözlənilməsi barədə məlumat verilib. Fermanın daxili elektron sistemi nümayiş olunub, heyvanların fizioloji sağlamlıq vəziyyətinin elektron izlənilməsi ilə tanışlıq həyata keçirilib. Həmçinin müəssisədə istehsal edilən müxtəlif süd məhsulu çeşidlərinin ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Agentlik sədri tərəfindən zəruri tapşırıq və tövsiyələr verilib.