Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil olunub. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə Tədbir əhalinin ərzaqlıq taxılla dayanıqlı təminatı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq standartlara uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və təkliflər üzrə müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub. Görüşdə AQTA sədri Qoşqar Təhməzli taxıl istehsalı, emalı və idxalı sahəsində görülən və həyata keçirilməsi vacib olan işlərdən danışıb. Q.Təhməzli bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlər çərçivəsində əhalinin strateji ərzaq məhsulu olan ərzaqlıq taxılla dayanıqlı təminatı prioritet istiqamətdir. Həmçinin yerli taxılın keyfiyyət, təhlükəsizlik və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi vacibdir. AQTA sədri çıxışında idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və onlarla mübarizə üsullarından da bəhs edib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayıb. Q.Təhməzli bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida məhsullarının, o cümlədən unun zənginləşdirilməsinin mümkün olduğunu önə çəkib. AQTA sədri bu istiqamətdə pilot layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Müəyyən ediləcək dəyirmanlarda zənginləşdirilmiş unun hazırlanmasının və həmin undan istehsal ediləcək çörəklərin satış məntəqələrində istehlakçılara təklif olunmasının planlaşdırıldığını bildirib. Q.Təhməzli eyni zamanda una qatılan qida əlavələrinin tənzimlənməsinin, həmçinin çörəklərin qablaşdırılması və etiketlənməsi qaydalarına əməl edilməsinin zəruri olduğunu vurğulayıb. Tədbirdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov ölkə ərazisində fəaliyyət göstərən un və çörək istehsalı müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verib. Bildirib ki, 2022-ci il ərzində  5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 6 un və 15 çörək istehsalı müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir. Tədbirdə çıxışlardan sonra sahibkarların fikir və təklifləri dinlənilib. Həmçinin səsləndirilən fikir və təkliflərlə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib. [gallery ids="53577,53578,53579,53580"]