Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda növbəti ikigünlük məlumatlandırma təlimi təşkil olunacaq. 4-5 iyul 2024-cü il tarixlərində AQTİ-də keçiriləcək təlimdə qida və qida ilə təmasda olan səthlərin istehsalı, qida zənciri boyunca ilkin istehsal, emal, logistika və saxlama sektorlarında qida təhlükəsizliyinin idarə edilməsi sahəsində işləyən və ya bu sahədə fəaliyyət göstərmək niyyətində olan mütəxəssislər, qida sənayesi işçiləri və menecerləri, HACCP üzrə əsas bilik və bacarıqları əldə etmək istəyən qida istehsalçıları iştirak edə bilərlər. Təlim barədə daha ətraflı məlumat almaq və təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri və onların nümayəndələri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Foodinfo.az xəbər verir ki, institutun peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimdə iştirakçılar HACCP prinsipləri əsasında müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin, eləcə də təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi barədə məlumatlandırılacaq. Həmçinin onlara məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat veriləcək. Eyni zamanda yerində təlim məşğələlərinin həyata keçirilməsi və sistemin tətbiqində qarşıya çıxacaq maneələr və onların həlli yolları haqqında maarifləndiriləcəklər.

Təlimin sonunda iştirakçıların təlim müddəti ərzində əldə etdikləri biliklər açıq və qapalı tipli test sualları ilə qiymətləndiriləcək. Sualların 70%-ni düzgün cavablandıran iştirakçılar müvəffəqiyyət sertifikatına layiq görüləcəklər.

Qeyd edək ki, təlimdə əldə olunan biliklər iştirakçılara fəaliyyət göstərdikləri və ya gələcəkdə çalışacaqları qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verəcək.