"Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" ilə bağlı keçirilən Tvinninq layihəsinin yekunları ilə bağlı konfrans təşkil edilib.
Foodinfo.az-ın məlumatına görə, tədbir qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişmiş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ümumi məqsədi qida və yem təhlükəsizliyinin artırılmasına töhfə vermək, həmçinin sanitar və fitosanitar tələblərə uyğunluğun gücləndirilməsi nəticəsində ixrac imkanlarını genişləndirmək, xüsusi məqsədi isə sanitar və fitosanitar qanunvericiliyin təkmilləşdirilməsində və həyata keçirilməsində AQTA-ya dəstək göstərmək olan Tvinninq layihəsi 27 ay müddətində uğurla icra edilib. Ötən dövr ərzində layihənin komponentləri çərçivəsində müvafiq sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə olunub. Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda layihə çərçivəsində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn 11 normativ sənədin ilkin forması hazırlanıb. AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarından ibarət ekspert heyətlərinin Tvinninq ölkələr olan Litva və Latviyaya bitki mühafizəsi, qida təhlükəsizliyi, laboratoriyarın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təlim-təcrübə səfərləri həyata keçirilib. Agentliyin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bitki sağlamlığı sahəsində müxtəlif mövzuları əhatə edən 20-dən artıq təlim təşkil olunub. Eləcə də layihə çərçivəsində AQTA ilə Litva və Latviya respublikalarının müvafiq qurumları arasında əlaqələr daha da möhkəmlənib. AQTA sədri layihə zamanı əldə olunan nəticələrin Aİ, eləcə də Litva və Latviya ilə birgə fəaliyyətlərin daha səmərəli təşkilinə, həmçinin yeni nailiyyətlərin qazanılmasına töhfə verəcəyinə əminliyini də ifadə edib.
Konfransda Latviya Respublikasının Dövlət Bitki Mühafizə Xidmətinin direktoru, layihə rəhbəri Kristine Lomakina və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin rəhbəri Sergejus Fedotovas da çıxış edib. Onlar layihənin əhəmiyyətindən danışıb və bu çərçivədə görülən işlərin gələcəkdə əlaqələrin daha da genişlənməsinə kömək edəcəyini vurğulayıblar. Daha sonra tədbirdə Tvinninq layihəsi üzrə müşavir Gintaras Lapinskas “Aİ tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icrası müddətində həyata keçirilən işlər”, AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov “Azərbaycanda qida təhlükəsizliyi və bitki mühafizəsi sektorlarının strateji inkişafı”, Latviya Respublikasının Dövlət Bitki Mühafizə Xidmətinin nümayəndəsi Ringolds Arnitis isə “Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi” mövzusunda təqdimatlarla çıxış edib.
[gallery ids="53555,53556,53557,53558"]