Ötən təsərrüfat ilində Azərbaycan Respublikasında 144660 (bir milyon qırx dörd min altı yüz altmış) hektar sahədə taxıl əkini aparılıb. Foodinfo.az xəbər verir ki, ölkəmizin 60 rayonunda taxıl əkilir ki, o da əkin balansının 60 faizini təşkil edir. Bu, ölkənin qida təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənmiş məqsədəyönlü siyasətin nəticəsidir.
Əldə olunan məlumatlara görə taxıl biçildikdən sonra əkin sahələrinin 60 faizi yandırılır. Bu ölkənin kənd təsərrüfatına, ekologiyasına, əmək məhsuldarlığına, sosial sahəyə ciddi ziyan vurur.
Tarlaların yandırılmasının, torpağın münbitliyinə, məhsuldarlığın yüksəldilməsinə təsiri haqda səhv təsəvvürlər qədim zamanlardan kənd əhalisi arasında geniş yayılıb, az qala ənənə halını alıb. Bunun baş verməməsi üçün fermerlər məlumatlandırılmalı, tarlaların yandırılmasının doğurduğu ekoloji və hüquqi təsirlər izah edilməlidir. Fermerlərin bir çoxu tarlada yanğın təhlükəsi olarkən necə davranmalı olduqlarını bilmirlər.
Göstərilən problem ölkəmizdə COP 29 tədbirlərinin keçirildiyi dövrdə daha böyük aktuallıq kəsb edir.
"Mühit" Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində respublikamızın daha çox taxıl əkilən İmişli, Şamaxı, Xaçmaz, İsmayıllı, Şabran və Salyan rayonlarında fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, bələdiyyə üzvləri arasında maarifləndirmə tədbirləri həyata keçiriləcək, tarlalara yanğın təhlükəsizliyini təmin etmək üçün xəbərdar edici lövhələr quraşdırılacaq.