Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında, Agentlik müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilmiş reyd zamanı Allaverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı 32-BH-549 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.