Qida Təhlükəsizliyi Agentliyi: “Heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risq dərəcəsinə malik olan sahəsidir”
“Heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət tələbatının həcmi araşdırılaraq müəyyən olunub”
Müasir standartlara cavab verən ət kəsim məntəqələrinin yaradılması haqqında sərəncam imzalanıb. Bununla bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün sahibkarlara müraciət edib. Sərəncama əsasənə, müasir standartlara cavab verən ət kəsim məntəqələrinin yaradılması işinin hansı səviyyədə aparıldığını və bu sahə ilə bağlı aparılan monitorinqin nəticələrini araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik.
Qida Təhlükəsizliyi Agentliyi bunları qeyd edir: “Nəzərə almaq lazımdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risq dərəcəsinə malik olan sahəsidir. Ona görə də əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-sahmanın yaradılması üçün sanitary-gigiyenik tələblərə cavab verən mərkəzləşmiş heyvan kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.
Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sahənin inkişafına öz töhfələrini verməsinin vaxtıdır.
Agentliyin apardığı monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət tələbatının həcmi araşdırılaraq müəyyən olunub. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları ictimaiyyətə açıqlanıb.
Bundan sonra da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək. Onu da qeyd edək ki, hazırda bu sahədə monitorinqlər davam edir və mövcud vəziyyətlə bağlı məlumatlar toplanır. Heyvan kəsim məntəqələrinin sayı və ünvanları ilə bağlı təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”. (Bakı Xəbər)