Sonradan həyata keçirilən emal prosesi nəzərə alınmaqla, qida subyektləri tərəfindən ilkin istehsal məhsulunun çirklənmədən qorunması təmin edilməlidir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 1 nömrəli əlavəyə (“İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”) əsasən, bu tələblə yanaşı, qida subyektləri ilkin istehsal və bununla əlaqəli fəaliyyətlər zamanı ilkin istehsal məhsullarının çirklənməsinə səbəb ola bilən təhlükələrə nəzarətlə bağlı aşağıdakıları etməlidir:

- ilkin istehsal məhsullarının təhlükəsizliyini ətraf mühit amillərinin mümkün mənfi təsirlərindən qorumaq məqsədilə kənar ərazilərdə fəaliyyət göstərməli;

- ilkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, yem məhsulları, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirməli;

- yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etməli;

- ilkin istehsalla əlaqəli olan infrastrukturu, anbarları və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıyıcıları təmiz saxlamalı və dezinfeksiya etməli;

- qida məhsulunun çirklənməsinin qarşısının alınması məqsədi ilə ilkin istehsal zamanı yaranan tullantıların kənarlaşdırılmasını və zərərli maddələrin həmin məhsullardan kənar (izolə edilməsini) və təhlükəsiz saxlanmasını təmin etməli;

- qida vasitəsilə yoluxucu xəstəliklərin insanlara keçməsinin qarşısını almalı və belə hallar aşkarlandıqda dərhal qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqana məlumat verilməsini təmin etməli; 

- heyvanlardan, bitkilərdən, heyvan və bitki mənşəli məhsullardan götürülən nümunələr üzərində aparılmış analizlərin nəticələrini öz fəaliyyətində nəzərə almalı;

- insanların qidalanması üçün yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etməli və belə məhsulların gigiyena tələblərini gözləməklə utilizasiyasını, yaxud məhv edilməsini təmin etməli;

- bütün hallarda çirklənmənin qarşısının alınması üçün məişət (təsərrüfat)-içməli su istifadə etməli;

- qida məhsulları ilə təmasda olan işçilərin sağlam olmasını və sağlamlıq riskləri ilə bağlı təlimlərdə iştirakını təmin etməlidir.

Qeyd edək ki, məhsulun yığılması, südün sağılması, həmçinin heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla, ilkin istehsal məhsullarının istehsalı, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması ilkin istehsala daxildir. İlkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan alınan qida və yem məhsulları, o cümlədən balıq və balıq kürüsü, dəniz məhsulları, bal, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları isə ilkin istehsal məhsullarına aiddir.