Hazır əriştə və bu kimi tez bişən yeməklərin tərkibindəki bəzi maddələr orqanizmə mənfi təsir göstərir. Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq, endokrinoloq Elvina Binatova bu məhsullarda geniş istifadə olunan dad gücləndiriciləri, qoruyucu maddələr və süni boyaların sağlamlıq üçün təhlükəli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, bu maddələr uzunmüddətli istifadə zamanı qaraciyər və böyrəklərin fəaliyyətini poza, allergik reaksiyalara və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. O qeyd edib ki, hazır əriştə çox vaxt natrium qlutamat, süni yağ və duzla zəngin olur, bu da bədəndə duz və su balansını pozur.
Binatova bildirib ki, belə məhsulların tərkibində çox miqdarda duz olduğuna görə onların tez-tez yeyilməsi ürək-damar və böyrək xəstəliklərinin yaranma riskini artırır. Xüsusilə, yüksək qan təzyiqindən əziyyət çəkən və ya duz qəbulunu məhdudlaşdırmalı olan insanlar üçün bu cür yeməklər xüsusi təhlükə daşıyır.
Diyetoloq əlavə edib ki, hazır əriştə lif, zülal və B qrupu vitaminləri ilə kasaddır. Bu isə onu gündəlik qida rasionu üçün tam və balanslı qida saymağa imkan vermir. Onun sözlərinə görə, bu məhsullar tez toxluq hissi yaratsa da, qısa müddət sonra yenidən aclıq hissi meydana çıxır və bu da çəkidə artıma səbəb ola bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, hazır əriştəni mütəmadi yemək əvəzinə, təzə tərəvəz, təbii ədviyyatlar və keyfiyyətli ət məhsulları ilə hazırlanan yeməklərə üstünlük vermək daha məqsədəuyğundur. Beləliklə, həm orqanizm lazımi qida maddələrini alır, həm də sağlamlıq qorunmuş olur.






