Həll olunan qəhvə asan hazırlanması və ucuzluğu səbəbindən çox insan tərəfindən seçilir. Foodinfo.az xəbər verir ki, kimya elmləri namizədi, rusiyalı mütəxəssis Aleksey Panov belə qəhvənin orqanizmə mənfi təsirlərindən danışıb.

Onun sözlərinə görə, təbii qəhvə dənələrində bir çox faydalı maddələr mövcuddur. Əsas təsir göstərənlər isə kofein və xlorogen turşusudur. Kofein beyini və sinir sistemini fəallaşdırır, diqqəti artırır, xlorogen turşusu isə orqanizmdə zərərli maddələrin qarşısını alır, maddələr mübadiləsini gücləndirir və qan damarlarını möhkəmləndirir.

Panov bildirib ki, həll olunan qəhvə hazırlanarkən bu faydalı maddələrin böyük hissəsi, xüsusilə xlorogen turşusu, yüksək istilik altında məhv olur. Buna görə də belə içkilər təbii qəhvə kimi canlandırıcı təsir göstərmir. Əksinə, bəzən qan təzyiqini artırır, mədə turşusunu çoxaldırhəssas insanlarda narahatlıq yaradır.

Alim əlavə edib ki, təbii qəhvədəki vitaminlər, duzlar, antioksidantlar və digər təbii birləşmələr kofeinin mənfi təsirini azaldır, mədənin selikli qatını qoruyur. Həll olunan qəhvədə isə bu maddələrin çoxu itir və kofein daha güclü şəkildə təsir göstərir. Nəticədə, belə içki tez-tez qəbul edildikdə mədədə yanma, ağrı, qastrit və yara xəstəlikləri yarana bilər.

Panovun sözlərinə görə, bazarda satılan ucuz növlər tərkibinə görə daha təhlükəlidir. Belə məhsullarda çox vaxt süni dadvericilər, rəngləndiricilər, ətir və qoruyucu maddələr olur ki, bunlar da mədə-bağırsaq sisteminə mənfi təsir edir.

Mütəxəssis xəbərdarlıq edib ki, bəzi keyfiyyətsiz həll olunan qəhvələrdə akrilamid adlı zərərli birləşmə olur. Bu maddə qəhvə dənələri çox yüksək temperaturda qovrularkən əmələ gəlir. Akrilamid orqanizmdə hüceyrələri zədələyə, iltihaba səbəb ola və sinir sisteminə mənfi təsir göstərə bilər.

O deyib ki, həll olunan qəhvədə akrilamidin miqdarı təbii dənə qəhvəyə nisbətən daha çox olur, çünki onun istehsalı əlavə istilik mərhələlərindən keçir. Əgər insan gündəlik qidalanmasında çoxlu qızardılmış yeməklər — kartof fri, çips və ya quru çörək kimi məhsullar da yeyirsə, bu zərərli maddənin təsiri daha da artır.

Panov sonda bildirib ki, sağlam qalmaq istəyənlər üçün ən düzgün seçim təbii dənə qəhvədən hazırlanmış içkidir. Onun fikrincə, bu cür qəhvə həm orqanizmi gümrah saxlayır, həm də uzunmüddətli dövrdə mədə və sinir sistemini qoruyur.