Quduzluq virusa yoluxmuş heyvanların dişləməsi, ağız suyu ilə ötürülən yoluxucu xəstəlikdir.
Foodinfo.az xəbər verir ki, həm heyvanlarda, həm də insanlarda rast gəlinən zoonoz yoluxucu xəstəlik olan quduzluq virusunun orqanizmdə irəliləməsindən sonra müalicəsi olmadığı üçün iflic və komaya çevrilməklə yanaşı, ölümlə də nəticələnə bilər. İnsanlar arasında yoluxmanın 99 %-i quduz itlərin dişləməsi ilə baş versə də, zədələnmiş dəri və selikli qişaların (cırmaq və ya yara yeri) xəstə heyvanın ağız suyu ilə təması da yoluxmaya səbəb olur. Quduzluğun əlamətlərinə gəlincə, virusa yoluxmuş xəstələr dişləmə yerində qaşınma, əzələ ağrıları, baş ağrıları, yorğunluq, yuxusuzluq, hallüsinasiya (xəyalgörmə), iştahasızlıq, ürəkbulanma, aqressiv davranışlar, ağız suyu ifrazının artması, su qorxusu kimi əlamətlərlə qarşılaşırlar.
Qeyd etmək lazımdır ki, heyvanlar tərəfindən dişlənmə zamanı dərhal profilaktik tədbirlər görülməlidir. Zədəli nahiyə intensiv olaraq sabunlu və təmiz su ilə dərindən və yaxşı yuyulmalıdır. Həmin nahiyədə kəsiyin aparılması və tikiş qoyulması, eləcə də yara yerinin yandırılması yolverilməz hesab olunur.