Məlum olduğu kimi, zəhərlənmələr daha çox yay mövsümündə baş verir. Bunun da əsas səbəbi kimi qidaların tərkibində olan kimyəvi, süni qatqılar göstərilir. Həmçinin bəzi tez xarab olana qidalar var ki, onlar yay mövsümündə təhlükəli ola bilir.
Onlardan ət və süd məhsulları, quş əti, pomidor, kolbasa, sosiska, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta və sairə daxildir. Bəzən bu qidalardan düzgün istifadə olunmadıqda zəhərlənmələr baş verə bilir. Bunun üçün də yay mövsümündə əsasən yüngül, tez həzm olunan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.
Vətəndaşlar çox zaman bu tövsiyələr barəsində məlumatlı olurlar və mümkün qədər əməl etməyə çalışırlar. Bəs restoranlarda, şadlıq evlərində necə?
Bu məqamda bir faktı da qeyd edək ki, bu cür iaşə obyektlərində stolda mütləq şəkildə salatlar olur. Həmin salatların tərkibində yuxarıda qeyd etdiyimiz tez xarab olan məhsullardan istifadə olunur. Beləliklə, isti yay mövsümü başlayandan restoran və şadlıq evlərində menyularda hansısa ixtisarlar, dəyişikliklər edilibmi?
Mövzu ilə bağlı bir sıra şadlıq sarayı və restoranların mövqeyini öyrənməyə çalışdıq. “Neptun” şadlıq sarayının administratoru Akif Musayev qeyd etdi ki, yay mövsümü başlayandan artıq menyuda bir sıra dəyişikliklər edilib: “Qida rasionunda balıq, mayonez, bir sıra salatları azaltmışıq. Yay mövsümü ilə əlaqədar olaraq menyuda istər-istəməz dəyişiklik etməli oluruq. Çünki bildiyiniz kimi, bəzi qidalar var ki, yay mövsümündə zəhərlənmələrə səbəb ola bilir. Məclis sahiblərinin də razılığı ilə bu məsələni nəzərə alırıq. Həmçinin qidaların gündəlik olaraq yeni olmasına diqqət edirik. Qidalar soyuduculardan saat 4-5 arası çıxarılır, hazırlanır, sonra süfrəyə verilir. Bu günlərdə elektrik enerjisi ilə bağlı yaranmış problem zamanı şadlıq sarayımız heç bir problem yaşamadı. Çünki generatorumuz var. Bunun üçün də soyuducular fasiləsiz işlədi və problem yaranmadı”.
“Çıraq plaza” şadlıq sarayının administratoru Akif İsmayılov isə menyuda heç bir dəyişiklik edilmədiyini dedi:“Dəyişiklik yoxdur. Sadəcə, toy sahibi gəlib yeməklərin və salatların necə hazırlanmasına nəzarət edir, onun iştirakı ilə menyudakı yeməklər bişirilir. Bəzi salatlar var ki, məsələn, manqal salatı toy sahibinin istəyi ilə menyuya əlavə edilə bilir”.
“Qızıl qaya” restoranının Azər adlı administratoru isə bildirdi ki, yay mövsümü ilə əlaqədar menyudan bəzi qidalar çıxarılıb: “Artıq bəzi məhsulları və salatları qida rasionundan çıxartmışıq. Menyudan çıxartdığımız salatların yerinə manqal, toyuq, ”şahin" salatını əlavə etmişik. Bu günlərdə yaşanan elektrik problemindən zamanı restoranımız üzüağ çıxdı. Belə ki, daim restoranda generator var ki, elektrik enerjisi kəsildiyi anda işə düşür. Bunun üçün soyuducuların çalışmasında heç bir fasilə yaranmadı, qidalarımıza zərər dəymədi".
Məsələ ilə bağlı həkim Vaqif Qarayevin də rəyini öyrənməyə çalışdıq. V.Qarayev qeyd etdi ki, yay mövsümü ilə əlaqədar menyuda dəyişiklik etməyin mənası yoxdur: “Sadəcə, bu cür iaşə obyektlərində süfrəyə verilən yeməklər təzə olmalıdır. Bu, mütləqdir. Tutaq ki, salatların verilməsində bir problem yoxdur, sadəcə, salatda istifadə edilən qidalar təzə olmalıdır. Biz müşahidə edirik ki, şadlıq sarayları, restoranlarda süfrədə olan salatlar və digər yeməklərin yarıdan çoxu əl dəyməmiş qalır. İnanıram ki, səhəri gün biz yenidən o restorana getdikdə həmin yeməkləri yenidən stolun üstündə görə bilərik. Bu çox təhlükəlidir. Xüsusən də süd məhsulları və ondan hazırlanmış salatlar, həmçinin ət məhsullarından hazırlanan yeməklər təhlükəli ola bilir. Bu mənada nəinki yay, hətta qış mövsümündə də restoranlarda verilən yeməklərin keyfiyyəti problemlidir. Xoşuma gələn bir məqam var ki, artıq insanlar süfrədə olan bir çox yeməklərə əl vurmurlar, bilirlər ki, həmin yemək və ya salatlar köhnədir. Lakin bu belə olmamalıdır axı. Lüks restoran və ya şadlıq evlərində yaxşı keyfiyyətli çörək görə bilirik. Lakin bir qədər ucuz iaşə obyektlərində keyfiyyətsiz çörəklərin süfrəyə verildiyinin şahidi oluruq. Bu məsələlərlə bağlı ciddi məşğul olmaq lazımdır. Bəzən mətbuatda eşidirik ki, hansısa restoranda zəhərlənmə olub. Bu olmamalıdır. Hər bir restoran və ya şadlıq saraylarında çalışan aşpazlar peşəkar olmalıdır. Süfrəyə normal qida, yemək verilməlidir. Bu məsələyə yetərli diqqət olmayınca, problem həll olunmamış qalacaq”. (Yeni Müsavat)