Dünyada geniş yayılmış kənd təsərrüfatı sahələrindən biri də çayçılıqdır. Azərbaycanda da çayçılığın inkişafına uzun illər öncədən başlanılıb. Ölkədə ilk çay fabriki 1937-ci ildə Lənkəranda qurulub və bundan sonra bizdə də çayın kütləvi istehsalına başlanılıb. Lənkəran çayı 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb. Lakin Azərbaycanda çay istehsalı və emalı sahəsi sovet dövründən bu günə kimi keşməkeşli inkişaf tarixi keçib.   Foodinfo.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı  sovet dövründən bu yana Azərbaycanda çay isehsalı tarixində nələr yaşandığını xatırladıb: “Azərbaycanda çayçılıq sovet dövründə ən inkişaf etmiş kənd təsərrüfatı sahələrindən biri idi. Xüsusilə də, Lənkəran-Astara iqtisadi rayonu ərazisində çayın 98 %-i yetişdirilirdi. Ordakı rütubətli subtropik iqlim çayın yetişdirilməsinə imkan verirdi. Sovet dövründə Azərbaycanda istehsal edilən çay həm yerli tələbatı ödəmək üçün istifadə olunurdu, həm də Azərbaycandan kənara, digər sovet respublikalarına ixrac edilirdi. SSRİ-nin dağılması ilə əlaqədar bütün sahələrdə yaşanan böhran çayçılıqda da çox böyük fəsadlar törətdi. Çay plantasiyalarının xeyli hissəsi söküldü, yerində digər bitkilərin əkilməsinə başlanıldı və çay əkin sahələri böyük sürətlə azaldı. Sovet dövründə Azərbaycanda 36 min ton yaşıl çay yarpağı istehsal edilirdi. Bu, Azərbaycanın o zamankı imkanlarına görə çox önəmli bir göstərici idi. Sonrakı dövrlərdə bu göstərici azaldı, hətta 500 tondan da aşağı səviyyəyə endi. Sonradan istehsalı artırmaq üçün müəyyən təşəbbüslər oldu və bir qədər artımlar da müşahidə edildi. Amma bütövlükdə Azərbaycan özünə lazım olan çayın önəmli hissəsini xaricdən idxal edir. Çox zaman idxal edilən çayların da keyfiyyəti yüksək olmur. İndi respublikada çayın təxminən 2 %-ə yaxını Zaqatala bölgəsində istehsal edilir. Lənkəran-Astara iqtisadi rayonu ərazisi yeganə bölgədir ki, orda çayın yetişdirilməsi üçün geniş imkanlar var. Daha məqsədəuyğun qərar o olar ki, keçmiş çay plantasiyaları bərpa olunsun və artırılsın”. Q.Bayramlı bu sahədə atılmalı addımları sadalayıb: “Zaqatala bölgəsində çayın yetişdiyi nəzərə alaraq digər bölgələrimizdə də çayın yetişdirilmə imkanlarının araşdırılması faydalı olar. İndiki halda Azərbaycanda çayçılığın inkişafı, xüsusən Lənkəran-Astara bölgəsində yeni plantasiyaların salınması, ərazilərin bərpa olunması yeni iş yerlərinin açılmasına səbəb ola bilər və bununla yaxın gələcəkdə olmasa da, orta dövrdə çay ixracatını canlandırmaq olar. Çünki Azərbaycan çayı dünyanın ən yüksək keyfiyyətli çaylarından biri olub. İndi də az miqdarda müəyyən şəxslər tərəfindən baha qiymətə satılır və qiyməti mağazalardakı çaylardan ən azı 5-6 dəfə yüksəkdir. Onu müəyyən şəxslər çay yetişən bölgələrdən gətirib pərakəndə halda satırlar. Yaxşı olar ki, Lənkəran-Astara bölgəsindəki potensialın böyük hissəsi elə çay və digər subtropik bitkilərin yetişdirilməsi üçün ayrılsın. Çünki digər bölgələrimizdə başqa meyvə-tərəvəzlərin yetişdirilməsi üçün geniş imkanlar var, amma, məsələn, Kür-Araz iqtisadi rayonunda çayın yetişdirilməsi mümkün deyil. Ona görə də hələlik Lənkəran-Astara iqtisadi rayonu ərazisində çay plantasiyalarının genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi, yeni çay sortlarının yetişdirilməsinə çalışmaq kimi addımlar bizə ancaq qazanc gətirə bilər. Digər tərəfdən cənub bölgəmizdə əhalinin çayçılıqla əlaqədar müəyyən əmək vərdişləri var. Bunu da diqqətə aldıqda bu işin perspektivinin daha önəmli olduğunu deyə bilərik. Əvvəlki illərdə ölkədə olan çay fabriklərinin sayı xeyli azaldı. Bazara çıxarılan çayın da miqdarı azaldı. Amma düşünürəm ki, çayçılıq üzrə xüsusi dövlət proqramı qəbul edilərsə və yerlərdə şəffaflıqla uyğulanarsa, dövlət tərəfindən lazım olan təşviqlər, dəstəklər, imtiyazlar tətbiq olunarsa, ölkədə çayçılığı canlandırmaq mümkün olacaq. Azərbaycanda bunun üçün potensial var. Sadəcə bu potensialı dəyərləndirmək lazımdır. Bu potensialı dəyərləndirəndə həm idxalı azalda bilərik, həm də yerli bazarımız keyfiyyətli çayla təmin oluna bilər. Müasir dövrün tələbləri çərçivəsində, müasir kənd təsərrüfatı texnologiyası tətbiq etməklə bu sahədə dönüş yaratmaq olar”. Çay ixracatçıları və istehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini, “Astaraçay” MMC-nin Baş aqronomu İsrafil İsrafilov çay istehsalçılarının problemlərini sadalayıb: “Pandemiyanın bizim fəaliyyətimizə müəyyən təsirləri oldu. Sərt karantin dövründə işçiləri sahələrə buraxa bilmirdik. Hazırda çayçılıqda müxtəlif səbəbli çox böyük problemlər var. Misal olaraq suvarma problemini göstərə bilərik. Bu il su az yığılıb və quraqlıq gözlənilir. Bizim üçün subsidiya verilirdi. Həmin subsidiya məbləği hələ ki, “Astaraçay “ MMC-nin hesabına oturmayıb. Digər istehsalla məşğul olan şirkətlər də hələ ki, bu subsidiyanı ala bilməyiblər. Subsidiya verilməlidir ki, gübrə alınsın. Biz öz təsərrüfatımız üçün gübrə aldıq. Amma bunu digərləri edə bilmir. Assosiasiya olaraq da çayçılıqla məşğul olan xırda fermerlərin heç birinə kömək edə bilmirik. Bu dəqiqə “Astaraçay” MMC-nin özünün də vəziyyəti yaxşı deyil. Hazırkı şəraitdə faktiki olaraq hər şirkət özü üçün çalışır. Biz də “Astaraçay” MMC olaraq öz təsərrüfatımızı güclə qoruyuruq”. İ.İsrafilov bildirib ki, ölkədəki xırda fermerlər yerli çayı böyük şirkətlərə satırlar: “Astaraçay” MMC olaraq yerli çay istehsalı ilə məşğuluq. Azərbaycanda çayçılıq sahəsində iri şirkətlər “Azərsun” və “Beta”dır. Onlar da bura kənardan çay gətirirlər. Biz isə sırf yerli istehsalla məşğul oluruq. “Beta” son dövrlər Lənkəranda 34 hektara qədər ərazidə çay əkirdi. Ancaq “Azərsun” çayı ya qıraqdan gətirir, ya da yerli çayı alaraq emal edib satışını həyata keçirir. Onlar üçün yerli çay ucuz başa gəlir. Yəni təqribən 1,5-1,6 manat edir. Bizim üçün isə bir kiloqram çay yarpağı 2,8 manata başa gəlir. Biz şirkət olaraq fəhlələri, texnikanı saxlamalıyıq. Xırda fermerlərin xarici bazara çıxışı yoxdur. Onlar ancaq böyük şirkətlərə yerli çay satırlar”. Hömsöhbətimiz ixracla bağlı məsələlərə də aydınlıq gətirib: “Hazırda pandemiya ilə əlaqədar xarici bazarlara çıxış çətinləşib. Ümumilikdə isə bizim çay ixracında əsas bazarlara misal olaraq Belarus, Rusiya bazarlarını göstərmək olar. “Astaraçay” MMC olaraq Belarusa, Almaniyaya məhsullarımızı göndərdik. Həştərxanda da ticarət yarmarkası yaradıldı və ora məhsul göndərdik. Pandemiyadan sonra isə bu işlər dayandı. Hazırda xarici görüşlərimiz də dayanıb”. İ.İsrafilovun qeyd etdiyi subsidiya problemi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, “Astaraçay” MMC subsidiya almaq üçün elektron müraciət etmədiyinə görə onlara ödəniş edilməyib: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yazlıq əkinlərə və meyvə bağlarına görə subsidiya almaq üçün elektron müraciətin formalaşması prosesi davam edir. Çay çoxillik bitki olduğundan əkin bəyanı üzrə müraicətlər mayın 31-də bitir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya qaydalarına uyğun olaraq yazlıq əkinlərlə bağlı monitorinqlərə başlanacaq və monitorinqdən sonra nəticələrə uyğun olaraq iyun-iyul aylarında ödənişlər həyata keçiriləcək. "Astaraçay" MMC keçən il subsidiya almaq üçün müraciət edib və 2020-ci il üçün subsidiya ödənişi həyata keçirilib. Sözügedən şirkət bu il ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə subsidiya almaq üçün hələ ki, müraciət etməyib. Qeyd edək ki, yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayından subsidiya ödənişləri edilməsi nəzərdə tutulur. Astaraçay MMC də mayın 31-dək subsidiya almaq üçün elektron müraciət edə bilər. Həmin vaxta qədər müraciət etsələr və sənədləri də qaydasında olsa, onlara subsidiya ödəniləcək”. (