Qarın bölgəsində toplanan yağlar yalnız estetik problem deyil, eyni zamanda ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artıran amillərdəndir. Bəzi qidalar məhz bel və qarın ətrafında piy yığılmasını sürətləndirə bilər.

Foodinfo.az xəbər verir ki, bu qidalar arasında ilk sırada şəkərli və qazlı içkilər dayanır. Tərkibində yüksək miqdarda şəkər olan içkilər qanda insulin səviyyəsini artırır və artıq enerjinin yağ kimi, xüsusilə də qarın nahiyəsində toplanmasına səbəb olur.

Ağ undan hazırlanmış məhsullar — ağ çörək, bulkalar, şirniyyatlar da riskli qidalar sırasındadır. Bu məhsullar sürətlə həzm olunur və qan şəkərində ani yüksəliş yaradır ki, bu da yağlanmanı artırır.

Fast-food və qızardılmış yeməklər də qarın piylənməsinə təsir edən əsas amillərdəndir. Trans yağlar və yüksək kalorili souslar maddələr mübadiləsini zəiflədir və yağın bədəndə toplanmasını asanlaşdırır.

Həmçinin işlənmiş ət məhsullarını — kolbasa, sosis və hisə verilmiş ətləri də məhdudlaşdırmaq tövsiyə edilir. Bu məhsullar həm yüksək kalorili, həm də duzlu olur ki, bu da şişkinlik və piylənməyə gətirib çıxara bilər.

Qarın piylənməsinin qarşısını almaq üçün balanslı qidalanma, porsiyaya nəzarət və müntəzəm fiziki aktivlik vacibdir. Xüsusilə şəkər və sürətli karbohidratların azaldılması bel ətrafının incəlməsinə kömək edir.