Son illər oynaq problemləri təkcə yaşlılarda deyil, 25–35 yaş arası insanlarda da daha tez-tez müşahidə olunur. Mütəxəssislər bunu əsasən oturaq həyat tərzi və artıq çəki ilə əlaqələndirirlər. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, travmatoloq-ortoped və idman həkimi Andrey Sidenkov oynaqları qorumağın idman zalından asılı olmadığını bildirib.
Həkimin sözlərinə görə, uzun müddət hərəkətsiz qalmaq təkcə çəki artımına deyil, həm də oynaq xəstəliklərinin inkişafına səbəb olur. Bu problemlər zamanla həyat keyfiyyətini aşağı sala və hətta cərrahi müdaxiləyə ehtiyac yarada bilər. Lakin bunun qarşısını almaq üçün ağır məşqlərə ehtiyac yoxdur.
Mütəxəssis ev şəraitində müntəzəm və dozalı fiziki aktivliyin kifayət etdiyini vurğulayır. Aşağı intensivlikli aerob hərəkətlər – məsələn, ip atlama və ya yüngül aerobika – güc məşqləri ilə növbələşdirilməlidir. Bu yanaşma əzələləri gücləndirir və qığırdaq toxumasının qidalanmasını yaxşılaşdırır. Optimal nəticə üçün gündəlik 20–40 dəqiqəlik məşq tövsiyə olunur.
Sidenkov qeyd edir ki, birləşdirici toxumanın metabolizmi gündəlik qidalanmadan birbaşa asılıdır. Rasionda omeqa-3 yağ turşuları, D vitamini, kalsium və kollagen peptidlərinin olması oynaqların sağlamlığını dəstəkləyir. Bu maddələr qığırdaq toxumasının qorunmasına və iltihabi proseslərin azalmasına kömək edir.
Həkim artıq çəkinin xüsusilə diz və bud-çanaq oynaqlarına əlavə yük yaratdığını da xatırladıb. Çəkinin normada saxlanılması profilaktikanın əsas hissəsi sayılır.
Bundan əlavə, müntəzəm tibbi müayinələr erkən mərhələdə problemlərin aşkarlanmasına imkan verir. Zərurət olduqda mütəxəssis müalicəvi bədən tərbiyəsi proqramı və uyğun əlavələr təyin edə bilər.
Ortopedin fikrincə, orta intensivlikli hərəkət, balanslı qidalanma, çəkiyə nəzarət və vaxtında həkim məsləhəti dayaq-hərəkət aparatının uzun illər sağlam qalmasının əsas şərtləridir.






