Badam südü birbaşa “möcüzəvi gözəllik vasitəsi” olmasa da, tərkibindəki faydalı maddələr sayəsində dəri sağlamlığını dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, badam südü xüsusilə E vitamini ilə zəngindir. Bu vitamin güclü antioksidant təsirə malikdir və dərini sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Nəticədə dərinin daha parlaq görünməsi və erkən qırışların yaranma riskini azaldır.
Bundan əlavə, badamın tərkibində olan sağlam yağlar dərinin elastikliyini qorumağa və quruluğun azalmasına dəstək verir. Süd məhsullarına həssaslığı olan və ya adi süd qəbul etdikdə sızanaq problemi yaşayan insanlar üçün badam südü alternativ seçim kimi tövsiyə edilir.
Eyni zamanda, şəkərli badam südü gözlənilən faydanı azaltmaqla yanaşı, əks təsir də göstərə bilər. Buna görə şəkərsiz və təbii variantlara üstünlük verilməsi tövsiyə olunur.
Badam südü dərinin sağlam görünüşünü dəstəkləyir, lakin əsas rol balanslı qidalanma, kifayət qədər su qəbulu və keyfiyyətli yuxuya məxsusdur.






