Bəzi fiziki məşqlərin II tip diabet və piylənmə riskinin azaldılmasında digərlərindən daha təsirli olduğu məlum olub. ABŞ-ın Virciniya Politexnik Universitetinin alimləri müəyyən ediblər ki, güc məşqləri diabetin profilaktikasında qaçışdan daha effektiv ola bilər. Foodinfo.az Journal of Sport and Health Science jurnalında dərc olunan araşdırmaya istinadla xəbər verir ki, bu nəticə yüksək yağlı qida ilə qidalanan siçanlar üzərində aparılan tədqiqat əsasında əldə olunub.

Professor Çjen Yan rəhbərliyi altında aparılan araşdırmada qaçış və ağırlıqla edilən məşqlərin orqanizmə təsiri müqayisə edilib. Hər iki fiziki aktivlik qanda artıq qlükozanın azalmasına kömək etsə də, güc məşqləri visseral və dərialtı piy toxumasının daha çox azalmasına, qlükoza tolerantlığının yaxşılaşmasına və insulinə həssaslığın artmasına səbəb olub.

Təcrübənin dəqiqliyini təmin etmək üçün alimlər maraqlı model tətbiq ediblər. Siçanlar yalnız ağırlaşdırılmış qapağı qaldırdıqdan sonra yeməyə çıxış əldə ediblər ki, bu da insanlarda edilən çömbəlmə tipli güc məşqlərini imitasiya edib. Yük tədricən artırılıb və bu, insanlarda tətbiq olunan proqressiv güc məşqlərinə bənzədilib. Digər qrup siçanlar isə qaçış çarxına sərbəst çıxış əldə edib və bu, kardio məşqlərini təmsil edib.

Araşdırma göstərib ki, güc məşqləri qaçış və digər kardio növləri ilə məşğul ola bilməyən insanlar üçün də yaxşı alternativ sayıla bilər. Alimlərin fikrincə, bu cür fiziki aktivlik maddələr mübadiləsini yaxşılaşdırmaqla yanaşı, diabet riskinin azalmasında mühüm rol oynaya bilər.