Bir çox insan yeməkdən dərhal sonra dişlərini fırçalamağın faydalı olduğunu düşünür. Stomatoloqlar isə bu vərdişin bəzi hallarda diş minasına zərər verə biləcəyini bildirir. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, klinikalar şəbəkəsinin qurucusu Zalim Kudaevin sözlərinə görə, dişləri yeməkdən sonra ən azı 30–60 dəqiqə keçdikdən sonra təmizləmək daha məqsədəuyğundur.
Mütəxəssis izah edir ki, xüsusilə turş qidalar qəbul edildikdən sonra diş minasının səthi müvəqqəti olaraq yumşalır. Bu zaman diş fırçasının mexaniki təsiri və diş məcunundakı abraziv maddələr minanın aşınma riskini artırır. Nəticədə mina eroziyası, isti, soyuq, şirin və turş qidalara qarşı həssaslıq yarana bilər.
Bundan başqa, mina səthində yaranan mikroyarğanlara boya verən maddələr və bakteriyalar daxil olaraq diş ətinə yaxın nahiyədə qaralmaya səbəb ola bilər.
Zalim Kudaev bildirib ki, elmi araşdırmalar da bu fikri təsdiqləyir. Belə ki, Forbes-Haley və digərlərinin apardığı tədqiqat göstərib ki, turş qidadan dərhal sonra dişlərin təmizlənməsi bir saat sonra fırçalama ilə müqayisədə minanın 5 dəfə çox itirilməsinə səbəb ola bilər. Sahoo və digər alimlərin araşdırmasına görə isə səhər yeməyindən sonra dişlərin təmizlənməsi kariyes yaradan Streptococcus mutans bakteriyalarının səviyyəsini 29 faiz azaldır, yeməkdən əvvəl fırçalama isə bu göstəricini cəmi 7 faiz azaldır.
Mütəxəssis yeməkdən dərhal sonra dişləri fırçalamaq əvəzinə ağız boşluğunu su və ya yumşaq qarqara məhlulu ilə yaxalamağı tövsiyə edir. Bu, qida qalıqlarını təmizləyir və turşuluğun bir hissəsini neytrallaşdırır.
Stomatoloqların tövsiyəsinə görə, dişlərin təmizlənməsi üçün ən uyğun vaxt yeməkdən 30–60 dəqiqə sonradır. Bu müddət ərzində tüpürcək turşunu neytrallaşdırır və diş minasının mineral balansı bərpa olunur.
Ekspert əlavə edib ki, yeməkdən 5–10 dəqiqə sonra şəkərsiz saqqız çeynəmək tüpürcək ifrazını artırır və turşuluğun daha tez azalmasına kömək edir.






