Manqonun tərkibində dəriyə cavanlaşdırıcı təsir göstərən və ümumi sağlamlığa müsbət təsir edən maddələr mövcuddur. Bu barədə dietoloq M. Ginzburq məlumat verib. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu ekzotik meyvə iltihablarla mübarizə aparan və yaşlanma prosesini ləngidən flavonoidlər və karotinoidlərlə zəngindir.

Dietoloq bildirib ki, manqonun tərkibində olan C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, dəmirin mənimsənilməsini yaxşılaşdırır və birləşdirici toxumaların əsas elementi olan kollagenin qorunmasına kömək edir.

Bundan əlavə, manqo lif baxımından da zəngin meyvədir. Onun tərkibində çoxlu miqdarda həll olunan qida lifləri var ki, bu da bağırsaq mikroflorasını və immun sistemini dəstəkləyir.

Mütəxəssis qeyd edib ki, manqonun yeganə mənfi cəhəti yüksək şəkər tərkibidir. Şəkərlərin qana sürətlə keçməməsi üçün meyvəni əsas yeməkdən sonra yemək tövsiyə olunur. Bir dəfəyə 100 qram manqo yemək kifayətdir, gün ərzində isə 2–3 belə porsiya qəbul etmək olar.