
Son illərdə sağlam qidalanma trendləri arasında bitki mənşəli proteinlərə maraq sürətlə artıb. Xüsusilə vegeterian və vegan qidalanma modelini seçən şəxslər üçün bu zülallar həm sağlamlıq, həm də ətraf mühit baxımından daha üstün hesab olunur.
Foodinfo.az xəbər verir ki, bitki mənşəli proteinlər orqanizmi vacib amin turşuları ilə təmin edir və heyvan mənşəli zülallardan fərqli olaraq, tərkibində zərərli yağ və xolesterin daşımır. Mütəxəssislər bildirir ki, bu növ proteinlər qanda şəkər və təzyiq səviyyəsini tənzimləyir, həmçinin ürək-damar xəstəlikləri riskini azaldır.
Araşdırmalara görə, bitki zülalları immun sistemini möhkəmləndirməklə yanaşı, həzm prosesini də asanlaşdırır. Tərkibində bol lif olduğu üçün mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir göstərir və arıqlama proqramlarında da məsləhət görülür.
Bitki mənşəli zülalların əsas mənbələri arasında mərci, noxud, qara lobya və yaşıl lobya kimi paxlalılar önə çıxır. Bundan əlavə, kinoa, çia toxumu, qoz, badam və günəbaxan tumu da protein baxımından zəngin sayılır.
Mütəxəssislər qeyd edir ki, hər gün qidalanmada bu məhsullara yer vermək orqanizmin enerji ehtiyacını təmin etməklə yanaşı, ümumi sağlamlığı da dəstəkləyir. Xüsusilə idmanla məşğul olanlar üçün bitki zülalları əzələlərin bərpasında və inkişafında önəmli rol oynayır.
Həkimlər tövsiyə edir ki, heyvan mənşəli məhsulları tamamilə rasiondan çıxarmaq əvəzinə, bitki zülalları ilə balans yaratmaq daha sağlam seçim ola bilər.