“International Journal of General Medicine” jurnalında dərc olunan məqalədə Adelaide Universitetinin (Avstraliya) tədqiqatçıları ət istehlakı ilə əhalinin sağlamlığının gözlənilən ömür uzunluğu kimi mühüm demoqrafik göstəricisi arasında əlaqəni araşdırıblar. Foodinfo.az Health.mail.ru-ya istinadən xəbər verir ki, təhlil BMT-nin planetin 175 ölkə və ərazisinə aid məlumatları əsasında aparılıb.
Nəticədə məlum olub ki, taxıl və kök tərəvəzlərdən fərqli olaraq əhalinin ət istehlakının səviyyəsi gözlənilən ömür uzunluğu ilə birbaşa bağlıdır - insanlar nə qədər çox ət yeyirsə, uşaq ölümünün səviyyəsi bir o qədər aşağı olur.
Tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, son illərdə ətin sağlamlığa dağıdıcı təsir göstərdiyinə inanılır, vegetarianlıq və veqanizm isə sağlamlığın və uzunömürlülüyün açarı kimi təqdim olunur. Bununla belə, ət istehlakından imtina tərəfdarlarının istinad etdiyi tədqiqatların həm üsulları, həm də nəticələri kifayət qədər qeyri-müəyyən, ziddiyyətlidir və bir çox şərtlərdən asılıdır. Belə ki, bir qayda olaraq, bu cür tədqiqatlarda tədqiqat obyektləri zəngin, yaxşı təhsil almış insanlardır, onlar bitki əsaslı pəhriz seçərək, ətdən imtina nəticəsində yaranan vitamin və mikroelementlərin çatışmazlığını doldurduqlarına əmin olurlar.