
Dəmir orqanizmin oksigen daşıyıcı sisteminin əsas komponentidir. Dəmir çatışmazlığı zamanı insan özünü tez yorğun və halsız hiss edir. Foodinfo.az bildirir ki, saç tökülməsi və dırnaqlarda qırılma bu problemin ilk xəbərdaredici siqnallarındandır. Dərinin solğunlaşması və dodaqlarda quruluq da diqqətdən yayınmamalıdır.
Ürək döyüntüsünün sürətlənməsi və nəfəs darlığı dəmir azlığının irəlilədiyini göstərir. Çoxları başgicəllənmə və diqqət dağınıqlığını başqa səbəblərlə əlaqələndirsə də, səbəb dəmir çatışmazlığı ola bilər. Qadınlar üçün bu risk daha yüksək hesab olunur. Xüsusən, menstruasiya dövründə və hamiləlikdə ehtiyatlı olmaq lazımdır.
Dəmirin yaxşı sorulması üçün C vitamini ilə zəngin qidalarla birlikdə qəbul tövsiyə edilir. Qırmızı ət, yumurta sarısı və ispanaq kimi məhsullar menyudan əskik edilməməlidir. Müalicə olunmayan dəmir çatışmazlığı ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu səbəbdən, mütəmadi qan analizləri və düzgün qidalanma vacibdir.