Ölkəmizin subtropik iqlimə malik cənub bölgəsində yetişən feyxoa, əsasən payız aylarından başlayaraq bazar və dükanlarımızda çox satılan meyvələrdəndir. Bu meyvəni dadına və ətrinə görə alıb, ləzzətlə yesək də, onun faydası haqqında geniş biliyə malik deyilik.
Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov müsahibəsində feyxoanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Zaur Həsənov bildirib ki, feyxoa spesifik tamı və ətri ilə fərqlənir. Bu meyvədən həm təzə halda istifadə edilir, həm də ondan bir sıra məhsullar–mürəbbə, cem, kompot, şirə və likör hazırlanır.
Meyvələrin tərkibində əsasən saxaroza və qlükoza ilə təmsil olunan şəkərlər, turşular (limon, alma və sair), dabbaq maddələri, pektin, becərilmə yerindən asılı olaraq 10 – 40- milliqram yod, eyni zamanda flavanoid, qlükozid, kumarin, hər 100 qram meyvədə 50-80 milliqram C, E, PP, B1, B2, zülal, karbohidratlar və əsasən qabıqda toplanmış müxtəlif mikroelemtlər (Cr, P1, V, Cu, Mn, Ni, S, Ti, Fe) olur. Bir meyvə təxminən 49 kilokaloridir.
Feyxoada amin turşuları azlıq təşkil edir. Onlar əsasən asparagin, arginin, qlutamin, alanin və tirozinlə təmsil olunur. Feyxoanın təzə meyvələri qalxanvarı vəz xəstəliyi (zob), podaqra və ateroskleroz zamanı faydalıdır. Bu bitkinin şirəsi isə mədə bağırsaq xəstəlikləri, qastrit, pielonefrit, ateroskleroz, zob, raxit və sinqa xəstəlikləri zamanı istifadə edilir.
Bakteriosid xüsusiyyətə malik olduğu üçün gündə 0,5-1 stəkan feyxoa şirəsi vasitəsilə qızılı stafilokoka qarşı mübarizə aparmaq olar. (Azərtac)