Pomidorla hazırlanan yeməklər arasında fərqli dad axtaranlar üçün yeni və maraqlı resept diqqət çəkir. Ərəb üslubunda qiymə ilə doldurulmuş pomidorlar həm görünüşü, həm də dadı ilə süfrəyə xüsusi rəng qatır.

Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, bu yeməyin hazırlanması bir qədər vaxt tələb etsə də, nəticə olduqca iştahaaçan və zəngin olur. Resept həm gündəlik menyu, həm də qonaq süfrəsi üçün uyğun hesab edilir.

Tərkibi:
750 qram ət qiyməsi, 2 kq iri pomidor, 1 ədəd rəndələnmiş soğan, 3 yaşıl bibər, 2 qırmızı bibər, 1 xörək qaşığı tomat pastası, duz, qara istiot, zirə və yağ.

Hazırlanma qaydası:
Əvvəlcə qiymə, soğan, duz, istiot və zirə dərin qabda yaxşıca qarışdırılır. Pomidorlar tam kəsilmədən hissələrə bölünür ki, aralarına içlik yerləşdirmək mümkün olsun. Hazırlanmış qiymə bu hissələrin arasına doldurulur.

Daha sonra pomidorlar yağlanmış soba qabına düzülür, üzərinə bibərlər əlavə olunur. Tomat pastası bir stəkan suda həll edilərək yeməyin üzərinə tökülür.

Yemək əvvəlcə 180 dərəcədə 30 dəqiqə bişirilir, daha sonra temperatur 250 dərəcəyə qaldırılaraq əlavə 10 dəqiqə saxlanılır. Hazır yemək isti şəkildə süfrəyə verilir. İstəyə görə üzərinə pendir səpmək və ya fərqli ədviyyatlar əlavə etmək mümkündür.