On səkkiz ildir ki, arıçılıqla məşğul oluram. Qazax rayonunda ilk dəfə çiçək tozunu 9 il əvvəl mən götürmüşəm. Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur.
Bu fikirləri Azərbaycan Arıçılar Assosiasiyasının Qazax rayon şöbəsinin sədri İlqar Həsənov deyib.
O bildirib ki, işçi arılar yetişmiş çiçək tozcuqlarını ağız şirəsi ilə yoğurub kündə halına salır, arxa ayaqlarında olan qarmağa sancırlar. Bu məhsulla qidalanan arı süfrələrinin kütləsi intensiv artır. Çiçək tozu aparatla yığılır və xüsusi temperaturda, polen qurutma aparatında qurudulur.
İlqar Həsənov arı südünün toplanma qaydasından da danışıb. Əsasən arı südü istehsal etdiyini deyən arıçı bildirib ki, bu mövsümdə 3 kiloqramdan çox arı südü götürüb. “Ana arının qoyduğu yumurtadan 3 gün sonra süfrələr çıxır. Həmin süfrəni 3 gün arı südü, həmçinin bol güləm qarışığı ilə yemlədikdə yumurtalarda işçi arı əmələ gəlir. Arıların yeni anaya ehtiyacı olduqda isə süfrələri süd gölündə bəsləyirlər. Başqa heç bir qida vermirlər. İşçi arılar 21 günə yarandığı halda, ana arılar 16 gündə yetişir və formaya çatır. Ana arı yalnız ana südü ilə qidalandığından işçi arıdan 5 gün tez yetişir, iki dəfə böyük olur və 5-6 il yaşayır. İşçi arı yalnız üç gün südlə qidalanır və 40-45 gün ömrü olur. Arı südü zülal və digər qidalı elementlərlə zəngindir və körpə sürfələrin qidalanması üçün əvəzedilməzdir. Pətəkdən arı südü götürmək üçün bir neçə arı ailəsini anasız saxlayırıq və onlara ana arı yaratmaq üçün özümüz qabaqcadan hazırladığımız üsküklərə bir günlük süfrə köçürürük. Arılar süfrəni südlə yemləməyə başlayır. 72 saatın tamamında, südün bol vaxtında arılardan südü alırıq və yenidən üsküklərə süfrələr qoyub prosesi davam etdiririk. Arı südü ağ-sarımtıl rəngdə olur, donduqda isə daha sarı rəngə çalır”, - deyə arıçı əlavə edib.
O qeyd edib ki, arı südünü saxlamaq qaydalarına riayət etmədikdə süd bir çox fəsadlar verə bilər. Südü mənfi 15 dərəcədə 18 ayadək saxlamaq mümkündür. Amma bir şərtlə ki, süd hava və günəş şüaları ilə təmasda olmasın. Əks təqdirdə arı südü öz müalicəvi tərkibini və keyfiyyətini itirir. Hazırda satışa çıxardığımız arı südünü termoslarda saxlayırıq. Buna görə də bu arı məhsulunun aptek və marketlərdə satılması mümkün deyil.
Arıçı satdığı arı südünün insan orqanizminə çox faydalı olduğunu bildirib: “Arı südü gümrahlıq gətirir, orqanizmin müqavimətini artırır, görməni, yaddaşı, iştahanı, toxuma və hüceyrələrdə mübadilə prosesini yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən, toksinlər və ağır metal duzlardan təmizləyir”. (Azərtac)