Kartofdan hazırlanan içlikli kotletlər sadə və hər kəsin sevdiyi yeməklərdən biridir. Bu yemək həm gündəlik süfrə, həm də qonaq üçün uyğun seçim sayılır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, sobada hazırlanan bu kotletlər artıq yağ tələb etmədiyi üçün daha yüngül hesab olunur.

Resept üçün 1-1,5 kq kartof, 2 ədəd yumurta, 3 xörək qaşığı un, duz, istiot və suxarı lazımdır. İçlik üçün 500-600 qram toyuq əti, 1-2 ədəd soğan və istəyə görə göbələk istifadə oluna bilər. Əvvəlcə kartof qaynadılıb əzilir və bir qədər soyuduqdan sonra yumurta və un əlavə edilərək xəmir hazırlanır. Ayrı qabda doğranmış toyuq əti qızardılır, üzərinə soğan və istəyə görə göbələk əlavə edilir.

Hazırlanan kartof xəmirindən dairəvi formalar hazırlanır, içlik əlavə edilərək bağlanır və kotlet şəkli verilir. Suxarıya bulandıqdan sonra soba qabına düzülür, üzərinə yumurta çəkilərək 180 dərəcədə qızılı rəng alana qədər bişirilir. Nəticədə həm dadlı, həm də yüngül yemək əldə olunur və xama və ya göbələk sousu ilə təqdim edilə bilər.