Balıq insan orqanizmi üçün ən faydalı qida məhsullarından biri hesab olunur və xüsusilə beyinlə ürəyin sağlam fəaliyyətində mühüm rol oynayır. Mütəxəssislər bildirir ki, bu məhsulun tərkibində olan qiymətli maddələr orqanizmin bir çox funksiyalarını dəstəkləyir və ciddi xəstəliklərin qarşısını almağa kömək edir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, qastroenteroloq Sofya Byçkova balığın tərkibindəki D vitamini, B qrupu vitaminləri və omeqa-3 yağ turşularının insan sağlamlığı üçün kritik əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu maddələr iltihabı azaldır, ürək-damar sistemini qoruyur, beyin fəaliyyətini gücləndirir və ümumi metabolizmi tənzimləyir. Mütəxəssis qeyd edib ki, bu komponentlərin çatışmazlığı qanda trigliseridlərin artmasına, immunitetin zəifləməsinə, dəri quruluğuna və hətta depressiya hallarına səbəb ola bilər.

Ekspert əlavə edib ki, omeqa-3 yağ turşularını digər mənbələrdən – məsələn, kətan yağı, qoz-fındıq və ya qida əlavələrindən almaq mümkün olsa da, balıq bu maddələrin ən yaxşı mənimsənilən forması hesab olunur. O, həftədə ən azı 2-3 dəfə qızılbalıq, sardina, siyənək və ya digər dəniz məhsullarının rasiona daxil edilməsini tövsiyə edir.

Həkim xüsusilə kiçik və yağlı balıqlara üstünlük verilməsini məsləhət görür. Bildirilir ki, siyənək, sardina və skumbriya kimi balıqlar həm omeqa-3 baxımından zəngindir, həm də civə kimi zərərli maddələrin yığılma riski daha aşağıdır. Bunun əksinə olaraq, iri yırtıcı balıqlar – məsələn, akula, qılınc balığı və bəzi ton balığı növləri metilcivə ilə çirklənmə riski səbəbindən xüsusilə hamilə qadınlar və uşaqlar üçün məhdudlaşdırılmalıdır.