Bir çox insan yeməkdən sonra sinədə yanğı, udma çətinliyi və boğazda düyün hissi ilə qarşılaşır. Bu əlamətlər mədə tərkibinin qida borusuna geri qayıtması ilə yaranan reflüks vəziyyətindən xəbər verir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bəzi qidalar bu problemi daha da ağırlaşdıraraq mədə turşuluğunu artırır.
Mütəxəssislərə görə, yağlı qidalar mədədə daha uzun müddət qalır, onun həcmini artırır və həzmi ləngidir. Bu qrupa yağlı süd məhsulları – qaymaq, pendir, kərə yağı, eləcə də donuz, qoyun, ördək və qaz əti daxildir. Qızardılmış yeməklər və sürətli qidalar da vəziyyəti pisləşdirən əsas səbəblərdən sayılır.
Turşulu qidalar isə qida borusunun selikli qişasını qıcıqlandıraraq simptomları gücləndirir. Pomidor və sitrus meyvələri – portağal, limon, laym, qreypfrut və ananas bu baxımdan xüsusilə risklidir. Kofein tərkibli içkilər, o cümlədən çay, qəhvə və qazlı içkilər də mədədə turşu ifrazını artıraraq narahatlıq yaradır.
Bundan əlavə, bəzi qidalar fərdi olaraq reflüksü tətikləyə bilər. Nanə mədə ilə qida borusu arasındakı əzələləri boşaldaraq turşunun yuxarı qalxmasına şərait yaradır. Şokolad da oxşar təsir göstərir. Sarımsaq və soğan isə turşu ifrazını artıraraq yanma hissini gücləndirir. Spirtli içkilər həm turşuluğu artırır, həm də qoruyucu mexanizmləri zəiflədir. Buna görə də bu qidalardan mümkün qədər uzaq durmaq tövsiyə olunur.






