Gündəlik həyatda tez-tez istehlak olunan qazlı içkilərin orqanizmə təsiri çoxlarını düşündürmür. Halbuki, bir stəkan koladan sonra bədəndə baş verən proseslər kifayət qədər diqqətəlayiqdir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu içkinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün sağlamlığa müxtəlif təsirlər göstərir.

Məlumata görə, bir banka kolada təxminən 10 çay qaşığı şəkər mövcuddur. İçkidən təxminən 20 dəqiqə sonra qanda şəkərin səviyyəsi sürətlə yüksəlir və orqanizm buna cavab olaraq çox miqdarda insulin ifraz edir. Qaraciyər isə artıq şəkəri yağa çevirməyə başlayır. Təxminən 40 dəqiqə sonra kofein tam sorulur, bu zaman qan təzyiqi bir qədər yüksələ və göz bəbəkləri genişlənə bilər.

45 dəqiqə sonra beyində “mükafat sistemi” aktivləşir və dopamin ifrazı artır, bu da insanda qısa müddətli xoşbəxtlik hissi yaradır. Lakin bir saat keçdikdən sonra vəziyyət dəyişir – qanda şəkərin səviyyəsi sürətlə aşağı düşür və yorğunluq hissi yaranır. Eyni zamanda içkidə olan fosfor turşusu kalsium, maqnezium və sink kimi vacib mineralların mənimsənilməsini azaldır, kofeinin sidikqovucu təsiri isə bu maddələrin orqanizmdən daha sürətlə xaric olmasına səbəb olur.

Mütəxəssislər bildirir ki, şəkərsiz kola variantları da tam təhlükəsiz sayılmır. Tərkibindəki şirinləşdiricilər beyində “şirin dad” siqnalı yaradaraq maddələr mübadiləsinə təsir göstərə və artıq çəki riskini artıra bilər. Buna görə də bu cür içkilərin müntəzəm istifadəsi məhdudlaşdırılmalıdır.