Uğurlu layihələrin müzakirə olunduğu iş görüşmələrinin böyük əksəriyyəti "biznes lanç”larda baş tutur. Bu istiqamətdə də daha çox hotel restoranlarına üstünlük verilir. Hər bir biznes mənsubunu maraqlandıran ən önəmli nüans isə xidmətin keyfiyyəti ilə yanaşı, həm də qiymətidir.
"Hilton Baku Hotel” – "Cilantro Restaurant”
Bu restoranda "biznes lanç” müddəti saat 12:00-dan 15:30-a qədərdir. Menyuya 1 çeşid şorba, 6 çeşid isti yemək, salatlar, şirniyyatlar, sərinləşdirici içkilər, çay və kofe daxildir. Bütün bu yeməklər açıq bufet şəklində təqdim olunur. Bu "biznes lanç”ın 1 nəfərin üçün qiyməti 25 manatdır.
"Hyatt Regency Baku” – "Mezzo Restaurant”
"Biznes lanç” saatı 12:00-dan 15:00-a qədərdir. Qiymətlər lanç zamanı neçə növ yemək seçəcəyinizdən asılı olaraq dəyişir. 2 növ yemək seçəcəyiniz təqdirdə 15 manat, 3 növ yemək seçəcəksinizsə 18 manat ödəməli olacaqsınız. Seçiminizi 5 çeşid salat, günün şorbası, 5 növ isti yemək, 5 növ desert(şirniyyat) arasından edə bilirsiniz.
Bu restoranda vegeterianlar da nəzərə alınır və onlara uyğun ətsiz yeməklər təklif olunur.
"Excelsior Hotel & SPA Baku” – "Belvedere Restaurant”
"Biznes lanç” vaxtı saat 12:00-dan 15:00-a qədərdir. Təklif olunan qida növləri: 3 çeşid isti yemək, 8 çeşid salat, 6 çeşid şirniyyat, 3 çeşid qarnir, 14 çeşid başlanğıc yemək, çay, kofe və şirələr. Bu "biznes lanç”ın 1 nəfər üçün qiyməti 14 manatdır.
"JW Marriott Absheron Baku” – "ZEST Lifestyle Cafe”
Bu restoranda "biznes lanç” saatı 12:00-dan 16:00-a qədərdir. 1 nəfər üçün qiymət, seçilən yemək növlərinin sayından asılır olaraq 18 manatdan 29 manata qədər dəyişir. Seçiminizi, 5 çeşid yemək, sərinləşdirici içki, salat, çay, kofe və şirniyyat arasından edə bilirsiniz. Burada hər həftənin 2-ci günləri "Sushi”, 3-cü günləri isə milli mətbəx günüdür. Həmin günlərdə isə "biznes lanç” qiyməti, yenə seçəcəyiniz yemək çeşidlərinin sayından asılı olaraq 1 nəfər üçün 18-25 manat arası dəyişir.
Məşhur hotellərdən biri olan "Fairmont Baku”ilə də əlaqə saxladıq. Hoteldən bildirdilər ki, burada fəaliyyət göstərən "Nur Lounge” restoranında "biznes lanç” verilmir, sadə "lanç” verilir. (EkoNews)