Ölkə əhalisinin orta aylıq əmək haqqı qiymətlərə müvafiq deyil
Ərzaq mallarının qiymətlərinin bahalaşması, ölkədə işsizliyin həcmi, kommersiya banklarının dollar satışını dayandırması bu gün aktual mövzulardandır. Son vaxtlar ərzaq məhsullarının qiymətləri yenidən bahalaşıb. Gündəlik tələbat məhsulları və mallarında bahalaşma olsa da, maaş və təqaüdlərdə artımdan söz açılmır. Son illər əhalinin xərclərinin də artdığını nəzərə alsaq, dolanışığın getdikcə çətinlıəşəcəyini istisna etmək olmaz. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,6 faiz bahalaşıb.
Belə ki, cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb. Ay ərzində unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, yumurtanın, marqarin və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, sarımsağın, soğanın, kartofun, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmirinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmirinin, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublika daxilində istirahət turlarının, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində bahalaşma, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublikadan kənara istirahət turlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Ekspertlər hesab edir ki, ərzaq məhsullarında qiymət artımı birbaşa olaraq sadə vətəndaşların, yaşayışına, büdcəsinə kifayət qədər təsir edir. Xüsusən də gündəlik istehlak mallarının qiyməti kifayət qədər bahalaşma baş verəndə həm maddi, həm də mənəvi təsirlə özünü büruzə verir. Çünki bu məsələ konkret olaraq Azərbaycanda mövcud olan az əməkhaqqı, təqaüd və müavinətlərlə bağlıdır. Azərbaycanda, konkret olaraq bölgələrin əksəriyyətində əməkhaqqı hələ də olduqca aşağı səviyyədə olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, aprelin 1-nə ölkə üzrə orta aylıq əmək haqqı 532,4 manat təşkil edir.
Rəqəmlərə nəzər saldıqda məlum olur ki, ölkə üzrə orta aylıq əməkhaqqının 500 manatdan yuxarı olması bütünlüklə paytaxtın hesabına baş verib. Belə ki, Statistika Komitəsinin məlumatına görə, Bakıda orta aylıq əmək haqqı 779,4 manat təşkil edir. Məhz paytaxtdakı yüksək maaş bütün ölkə üzrə ümumi göstəricini yaxşılaşıdırır. Ölkənin digər şəhər və rayonlarında isə orta aylıq əmək haqqı nəinki Bakıdakı göstəriciyə yaxın deyil, heç 500 manata da çatmır. Əksinə, son rəsmi məlumatlara görə, ölkənin cəmi 3 rayon və şəhərində maaşlar 400 manatdan yuxarıdır. Bunlar Şirvan (435,7 manat), Gədəbəy (426,4 manat) və Sumqayıtdır (423,4 manat).
Hər iki rəsmi məlumatlardan görünən odur ki, hazırda ərzaq məhsullarının, geyim və xidmətlərin qiymətləri mövcud əməkhaqqı və təqaüdlərə adekvat deyil. Əhali az maaş qalır, amma çox pul xərcləyir. Davam etməkdə olan bahalaşma isə durumu daha da dərinləşdirir. Ekspertlər yaxın gələcəkdə sadə, az imkanlı şəxslərin, ailələrin ciddi sosial çətinliklərlə üz-üzə qalacaqlarını bildirirlər. (Cebhe.info)