Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları üçün “Qida Təhlükəsizliyi üzrə Dövlət Nəzarət Yoxlamaları” mövzusunda təlim keçirilir. AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a bildirilib ki, təlim beynəlxalq ekspert İan Goulding tərəfindən aparılır. Sentyabrın 13–dək keçiriləcək təlimlər zamanı “risk əsaslı qida təhlükəsizliyi nəzarət sistemi üzrə müasir konsepsiyalar və prinsiplər”, “qida təhlükəsizliyinə Avropa İttifaqı yanaşması”, “qida məhsullarının və müəssisələrin sertifikatlaşdırılması və qeydiyyatı”, “laboratoriyalarda qida təhlükəsizliyi dövlət nəzarət sisteminin təşkil olunması”, “qida təhlükəsizliyi dövlət nəzarəti üzrə risk əsaslı yanaşmalar”, “qida təhlükəsizliyi üzrə dövlət nəzarəti və yoxlamalar”, “idxal və ixrac üzrə sərhəd nəzarəti”, “qida təhlükəsizliyi hadisələri və böhran vəziyyətinin idarə olunması” və “qida təhlükəsizliyinin idarə edilməsinin beynəlxalq aspektləri” mövzuları əsasında təqdimatlar olacaq, müzakirələr aparılacaq. Təlim çərçivəsində iştirakçılar təlimçi ilə birlikdə agentliyin laboratoriyaları ilə tanış olacaq, un məmulatları, şirniyyat və qida məhsullarının distribusiyası ilə məşğul olan “Delta Qrup C.O.” MMC-də qida təhlükəsizliyi istiqamətində fəaliyyətləri izləyəcəklər. Beynəlxalq ekspert İ.Gouldingin Azərbaycana 15 günlük səfəri çərçivəsində təlimlərlə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.