"Ola bilər bəzi saxtakarlar qida üçün istifadə edilən palma yağını kərə yağının tərkibinə qatışdırır. Bu istisna olunmur. Çünki Azərbaycanın qida bazarı çirklənmiş vəziyyətdədir”
Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə satılan kərə yağının keyfiyyətinin mübahisə doğurması, onun tərkibində palma yağının olması ilə bağlı alıcıların şikayətinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:
"Adətən palma yağı Hollandiya və Malaziya kimi ölkələrdə istehsal edilir. Bu yağ iki xammal vasitəsilə istehsal olunur. Yəni palmanın gövdəsi və tumundan hazırlanır. Palmanın tumundan istehsal olunan yağ qida üçün tam yararlıdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada ondan geniş istifadə edildiyinin şahidi olmuşam. Lakin məsələ ondadır ki, Rusiya tərəfi palma yağı ilə bağlı MDB məkanında böyük ajiotaj yaradıb. Rusiya mətbuatı MDB məkanında palma yağının satışına yer verməmək üçün siyasi və iqtisadi məqsədləri naminə böyük antireklam işləri aparır. Əslində palma yağı ucuz başa gəlir. Bu mənada da Rusiyanın duru yağ istehsalçıları MDB məkanından onu sıxışdırıb çıxarmaq üçün belə antireklam fəaliyyətinə qol qoyurlar. Qeyd edim ki, qida üçün hazırlanan palma yağları sağlamlıq üçün normaldır, insan bədənində rahat əriyir. Lakin texniki məqsədlər üçün hazırlanan palma yağı qida üçün yararlı deyil, ondan sabun, parfümer və s. üçün istifadə olunur. Azərbaycanda MDB məkanında olduğu kimi bu istiqamətdə ciddi qarmaqarışıqlıq var.
Ancaq ümumilikdə kərə yağının tərkibində palma yağının olmasının heç bir əsası yoxdur. Qida Təhlükəsizliyi Agentliyi hər şeyə nəzarət edir. Düşünmürəm ki, texniki məqsədlər üçün istifadə olunan palma yağlarından ölkəmizdə qida sənayesində istifadə olunsun, onu kərə yağının tərkibinə qatsınlar. Bu inandırıcı deyil. Ola bilər sadəcə bəzi saxtakarlar qida üçün istifadə edilən palma yağını kərə yağının tərkibinə qatışdırsın. İstisna olunmur. Çünki Azərbaycan qida bazarı çox çirklənmiş vəziyyətdədir. Bu fonda isə kərə yağının keyfiyyəti azalır. İnsanlar yağ alan zaman onu taxtada olan yağı sıxsın. Hansı daha bərk gəlirsə, o ən təbii kərə yağıdır. Həmçinin, kərə yağını kəsəndə parçalanıb tökülür. Lakin onun ekspertizası o qədər də asan deyil. 3 il öncə Yeni Zelandiyada olarkən ölkəmizə yağ ixrac edən zavoda getdim. Aydınlaşdırdım ki, buradan ölkəmizə normal, ekoloji təmiz kərə yağı ixrac olunur. Qiymətlərə gəldikdə, Azərbaycanda kərə yağının dünya bazarına uyğun normal qiymətləri formalaşıb”.
Qeyd edək ki, uzun müddətdir ölkəmizə gətirilən kərə yağının keyfiyyəti məsələsi mübahizə mövzusudur. Alıcıların iddiasına görə, onun tərkibinə palma yağı qatırlar.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir