Yaş artdıqca insanların eyni stress və yorğunluq hallarını daha ağır keçirməsi tez-tez müşahidə olunur və bu, sadəcə psixoloji deyil, həm də fizioloji amillərlə əlaqəlidir. Mütəxəssislər bildirirlər ki, orqanizmdə baş verən dəyişikliklər bu prosesin daha kəskin hiss olunmasına səbəb olur. Foodinfo.az “Çempionat” nəşrinə istinadla xəbər verir ki, psixoterapevt İrina Kraşkina yaş artdıqca stress və yorğunluğun niyə daha çətin qəbul edildiyini izah edib.

Onun sözlərinə görə, gənc insanlarda yorğunluq daha çox emosional tükənmə və funksional pozuntularla özünü göstərir. Bu zaman yuxuya getməkdə çətinlik, səthi yuxu, diqqətin və yaddaşın zəifləməsi, baş ağrıları və əzələ gərginliyi kimi əlamətlər üstünlük təşkil edir. Lakin orta və daha yuxarı yaş qruplarında bu vəziyyətə artıq mövcud xroniki xəstəliklər də əlavə olunur və nəticədə stressin təsiri daha güclü hiss edilir.

Mütəxəssis vurğulayır ki, yaşlı insanlarda yorğunluq çox vaxt arterial təzyiqin dəyişməsi, ürəkdöyünmənin artması, stenokardiya və ya aritmiya tutmalarının tezləşməsi, həmçinin ağrı sindromunun güclənməsi ilə müşahidə olunur. Bununla yanaşı, gündəlik fiziki yüklənmələrə dözümlülük azalır və bərpa prosesi daha uzun çəkir. Həkimlər üçün əsas məsələ yorğunluğun hansı səbəbdən yarandığını düzgün müəyyən etməkdir – bu, mövcud xəstəliklərin nəticəsi də ola bilər, xroniki stress və düzgün olmayan həyat tərzinin göstəricisi də. Hər iki halda mütəxəssislər həm tibbi müayinəni, həm də həyat tərzində dəyişiklikləri vacib hesab edirlər.