"Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək".
Foodinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-da çıxan məqaləsində qeyd edib.
Nazirin sözlərinə görə, kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları istifadəyə veriləcək. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
İntensiv ferma modelinin tətbiqinin genişləndirilməsi nəticəsində son illərdə heyvandarlıq sahəsində artım əsasən intensiv inkişaf hesabına təmin edilib.