Zülalın orqanizmdə nə qədər müddət qaldığı bir çoxlarını maraqlandırır. Foodinfo.az xəbər verir ki, Çinli həkim-qastroenteroloq Tsin Rao bildirib: orta hesabla bu proses 7-8 saat çəkir, lakin bu, bir sıra mühüm amillərdən asılıdır.

Zülal bədənin ən vacib qida maddələrindən biridir — o, hüceyrələrin qurulması, bərpası və əzələlərin inkişafı üçün lazımdır. Həkimin sözlərinə görə, zülalın orqanizmdəki “səyahəti” çoxmərhələlidir. İlk olaraq, mədədə turşular zülalı parçalayır və bu mərhələ təxminən 1-2 saat davam edir. Daha sonra proses nazik bağırsaqda davam edir — burada zülal aminturşulara ayrılır və qana sorulur. Bu mərhələ daha 3-6 saat çəkə bilər.

Tsin Rao vurğulayıb ki, bu müddət hər kəsdə eyni deyil. Onun gedişinə zülalın mənşəyi (heyvani və ya bitki), maddələr mübadiləsinin sürəti, yaş, stress səviyyəsi və həzm sisteminin sağlamlığı kimi amillər təsir göstərir.

Mütəxəssis qeyd edib ki, orqanizm artıq aminturşuları ehtiyatda saxlamır. Əgər bədənə lazım olandan çox zülal qəbul edilərsə, onun bir hissəsi yağa, qlükozaya və ya ketonlara çevrilərək alternativ enerji mənbəyi kimi istifadə olunur.

Tsin Rao əlavə edib ki, sağlam qidalanmada zülalın payı mühümdür, lakin ifrata varmaq da olmaz: “Hər şey kimi, zülal da balanslı şəkildə qəbul edilməlidir ki, həm həzm sistemi, həm də ümumi enerji mübadiləsi düzgün işləsin”.