Yayın başa çatdığı, soyuq havaların yavaş-yavaş hiss olunmağa başladığı bu günlərdə mütəxəssislər mövsümi xəstəliklərə qarşı da xəbərdarlıq edərək qrip kimi xəstəliklərdən qorunmaq üçün immunitet sistemini gücləndirmək lazım olduğunu vurğulayıblar.
İndi yay başa çatır və günəş üzünü bizə daha az göstərməyə başlayır. Ancaq gün ərzində ani temperatur dəyişiklikləri buna hazır olmayan maddələr mübadiləmizə mənfi təsir edir və xəstəliklərə tutulma şansımızı artırır.
İnsanlar təbiətin qışa hazırlaşmaq üçün keçdiyi transformasiya prosesinə tez-tez hazırlıqsız yaxalanır və xəstəliklərə qarşı müdafiəsiz qalırlar. Həkimlər payız xəstəlikləri qapımızı döyməmişdən əvvəl immunitet sistemimizi gücləndirəcək qidalanma məsləhətləri veriblər.
Foodinfo.az bu qidaları təqdim edir:
SİTRUS MEYVƏLƏR
Xüsusilə soyuqdəymə və qripə qarşı immunitet sistemini gücləndirmək ən əsas qayda hesab olunur. Bu səbəblə təbii dəstəkləyici qidalardan faydalanmaq vacibdir. C vitamini ilə zəngin qidaların qəbulu həm də antioksidantlarla zəngin olduğundan zəhərli maddələrin bədəndən çıxarılmasına kömək edir. Sitrus məhsulları ilə yanaşı, bibər növləri, kivi, brokoli və cəfəri də C vitamini ilə zəngin qidalar kimi önə çıxır.
TƏBİİ QATIQ
Təbii qatıq kimi probiotik qaynaqlar mütəmadi olaraq istehlak edildikdə bağırsaq florasını zənginləşdirir, həzm və immun sistemini gücləndirir. Bundan əlavə, qatıq tərkibindəki laktik turşu ilə mikroblara qarşı qalxan təsirinə malikdir və müdafiə sisteminin sağ qalmasına töhfə verir.
BALBAQAQ
Zəngin minerallar, lif və kalsium qaynağı olan balqabaq əsl beta karotin qaynağıdır. Beləliklə, balqabaqlar immunitet sisteminin ən vacib hissələrindən biri olan beta karotin sayəsində qripə qarşı qoruyucu təsir göstərirlər. Balqabaq həm də həzm sistemini sürətləndirir və rahatlaşdırır. Suyun nisbətən az istehlak edildiyi soyuq havalarda qəbizliyə yaxşı təsir edir.
NAR
Antosiyanin adlı komponent sayəsində təbii antioksidant olan nar qripdən qorunmaqda təsirli bir qida olaraq önə çıxır. Ancaq orta boylu narın suyunu sıxıb içmək əvəzinə tumları ilə birgə istehlak etmək bağırsaq sağlamlığına daha faydalıdır.
BALIQ
Xüsusilə yaşayış yeri soyuq su olan balıqlar Omeqa-3 yağ turşuları, fosfor, zülal, həmçinin A və B vitaminləri ilə zəngindir. İmmunitet sistemini dəstəkləyən balıqların qril, soba və ya buxarda bişirmə üsulları ilə bişirilməsi və həftədə ən az iki dəfə süfrəyə verilməsi xəstəliklərlə mübarizədə əhəmiyyət kəsb edir.
SOGAN VƏ SARIMSAQ
Təbii antibiotik olan soğan və sarımsaq orqanizmimizə daxil olan mikroblarla mübarizə aparır, immunitet sistemini dəstəkləyir və xəstəlikləri uzaqlaşdırır. Sarımsağı çiy istehlak etmək daha xeyirlidir.
BRÜSSEL KƏLƏMİ
Brüssel kələmi yüksək qida dəyəri ilə məşhurdur. İmmunitet sistemini gücləndirən bu qidanın tərkibində bol miqdarda dəmir və kalium var. Sümük sağlamlığı üçün lazım olan K vitaminini də ehtiva edən Brüssel kələmi Omeqa-3 yağ turşusunun bitki formasını ehtiva edən nadir tərəvəzlər arasındadır.
BİTKİ ÇAYLARI
İtburnu, cökə, adaçayı kimi bitki çaylarını ölçülü şəkildə istehlak etmək tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir. Bu bitkilər arasında xüsusilə adaçayı tərkibindəki uçucu komponentlər sayəsində infeksiyanın qarşısını almaqla yanaşı, qrip və soyuqdəymə nəticəsində yaranan boğaz və ağızda iltihabların da qarşısını alır. Ancaq hamilə qadınlar və xroniki xəstəlikləri olanlar bitki çaylarından istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.