“Cinnamomum” ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur.
Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir.
Darçın orqanizmə güclü antibakterial, antioksidant və iltihabəleyhinə təsir edir. Foodinfo.az xarici KİV-lərə istinadla oxucularını darçının faydalı və müalicəvi xüsusiyyətləri ilə tanış edir.
1. Mədə-bağırsaq sistemi problemləri zamanı yardım edir, həzm sisteminə antiseptik təsir edir, ürəkbulanmasını azaldır.
2. Polifenollar sayəsində darçın orqanizmi sərbəst radikalların təsirindən qoruyur. Məhz sərbəst radikallar xroniki xəstəliklər və o cümlədən xərçəngin riskini artırır, qocalma proseslərini sürətləndirir.
3. Darçına xoş qoxu bəxş edən birləşmə piylərin yandırılması prosesini stimullaşdırır, metabolismi yaxşılaşdırır. Məhz bu xüsusiyyətə görə diyetoloqlar darçını tez-tez pəhrizlərə daxil edirlər. Darçın əlavə olunmuş qatıq ən məşhur və effektli “arıqlama kokteyli” sayılır.
4. Darçın beyinin fəaliyyətini yaxşılaşdırır, Parkinson xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır.
5. Ədviyyat göbələk xəstəlikləri zamanıda da yardım edir.
6. Darçın çox yaxşı təbii antidepressantdır. Onun qoxusu əhvalı yaxşılaşdırır, stressi və gərginliyi azaldır.
7. Darçın şəkərli diabet xəstələri üçün çox faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.
Mütəxəssislər darçını toz şəklində deyil, qabıq şəklində almağı və evdə üyütməyi tövsiyə edirlər. Bu halda darçının faydalı xüsusiyyətləri daha yaxşı saxlanılır.