Gün ərzində ofis işində çalışanların ən çox səthi yanaşdığı mövzulardan biri də qidalanmadır. İşlərin çoxluğundan normal qidalanma arxa plana keçir, sağlam bəslənməni mədə aldadıcı, süni toxluq yaradan fast-food məhsulları sürətli şəkildə əvəz etməyə başlayır. Nəticədə isə sağlamlıqla bağlı bir sıra problemlər yaranır.
Foodinfo.az xəbər verir ki, aparılan araşdırmalara görə, işdə qidalanma tərzi beyinə və fiziki performansa çox böyük təsir göstərir.
Məsələ burasındadır ki, ofis şəraitində işləyənlər oturaq həyat tərzi keçirdiklərinə görə qida saatlarını unudur, axşama doğru ac qalır və evə gedəndə normadan artıq yeyirlər. Bu isə metabolizmə səbəb olur.
Qida mütəxəssisləri oturaq həyat tərzi keçirənlərə gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz yemək tövsiyə edirlər. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, balıq məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür.
Oturaq həyat tərzi keçirənlərin karbohidrat və şəkər qəbulunu azaltmağı tövsiyə olunur. Qida rasionuna həzmi yaxşılaşdıran süd məhsullarının da əlavə olunması məsləhət görülür. Belə ki, qidada süd və ya qatıq 230-250 qram, pendir isə 50-60 qram təşkil etməlidir.