Diyetoloq, endokrinoloq Albina Komissarova piylənmənin bariz və gizli səbəblərini açıqlayıb.

Foodinfo.az xəbər verir ki, həkim oturaq həyat tərzi ilə əlaqədar aşağı fiziki aktivliyi, çoxlu yağ, şəkər və duzu olan emal olunmuş qidaların istehlakını, yeməyi düzgün hazırlamaq üçün vaxtın olmamasını, "fast food"ları, həmçinin səhv qidalanma davranışını (piylənmədən əziyyət çəkənlər artıq çəkili uşaqlar böyüdürlər) aşkar səbəblərə aid edib.

Aşkar olmayan səbəblər arasında isə həkim sağlam həyat tərzi sənayesinin aktiv inkişafını vurğulayıb: bu, insanları daimi pəhrizlərə və məhdudiyyətlərə sövq edir və nəticədə çəki artımına səbəb olur.

"Arıqlamağın asan olması fikri keyfiyyətsiz arıqlama mütəxəssislərini meydana gətirir. Marafonları qidalanma pozğunluğu olan bloger, model, müğənni, vizajistlər hazırlayır. Bu üsulların nəticəsi də, motivasiyası da sıfırdır”, - deyə Komissarova özünün "Telegram" kanalında qeyd edib.

Ekspert əlavə edib ki, "sağlam həyat tərzi məhsulları" əslində aldadır. Onun sözlərinə görə, kokos şəkərindən hazırlanan baton və çizkeyk əvəzinə tərəvəzli xörək yeyib piyada gəzmək daha yaxşıdır. 

Həkim daha iki gözlənilməz səbəbi açıqlayıb. Birincisi "Hər şey və ya heç nə" fikri. Onun sözlərinə görə, bizim cəmiyyətdə "qızıl orta"nı qorumaq adət deyil. İnsanlar ya qəti şəkildə zərərli qidalardan imtina edir, ya da "bodipozitiv" düşüncəsi ilə özlərini olduğu kimi qəbul edib sevməyi dəstəkləyərək "beş günlük dünya"da özlərini heç bir yeməkdən məhrum etmirlər. 

İkinci səbəb isə odur ki, insanlar tez bir zamanda nəticə əldə etmək üçün qida əlavələri, detokslar, keto, aralıqlı oruc və biohakinqə üz tuturlar, lakin tez hələ yaxşı demək deyil.