Qarğıdalı, xüsusən çimərlik sezonunda, bir çoxlarının sevimli yeməyidir. Bəs bu bitkinin sağlamlığa zərəri varmı?

Foodinfo.az "Eat This, Not That" internet portalına istinadən bu sualın cavabını təqdim edir.

Deməli, qarğıdalı yediyiniz zaman bədəninizdə nələr baş verir?

Vacib minerallar alırsınız. Qarğıdalıda kalium var. Bu mineral qan təzyiqini aşağı salmağa kömək edir, sümükləri sağlam saxlayır və böyrək daşlarının yaranmasının qarşısını alır.

Faydalı antioksidantlar qəbul edirsiniz. Qarğıdalıdan lutein və zeaksantin ala bilərsiniz. Onlar qarğıdalıya sarı rəng verir, göz və görmə sağlamlığının qorunmasında böyük rol oynayırlar. Bu iki birləşmə gözləri mavi işıqdan qorumaq üçün lazımdır. Onlar, həmçinin, katarakta və yaşla əlaqəli makula degenerasiyası ("sarı nöqtə xəstəliyi") zamanı kömək edir.

Özünüzü daha uzun müddət tox hiss edirsiniz. Popkornda kalori az, liflər çoxdur. Buna görə də bu qəlyanaltı çoxumuz tərəfindən sevilir. Həmçinin, popkornda elə qarğıdalıda olan eyni bitki birləşmələri və faydalı antioksidanlar var.

Siz B qrupuna aid vitaminlər alırsınız. Ən çox qarğıdalıda enerji mübadiləsi və orqanizmin digər mühüm funksiyaları üçün vacib olan B6 və B9 vitaminləri var. Məlumdur ki, B9 qaraciyər, dəri və saçın sağlamlığını qoruyur və sinir sisteminin normal fəaliyyətini təmin edir. Vitamin B6 isə beyin fəaliyyətinə kömək edir. Bundan əlavə, qarğıdalıdan B3 və B5 ala bilərsiniz.

"Mədə nevrozu" kimi tanınan irritabl (qıcıqlanmış) bağırsaq sindromu zamanı qarğıdalı simptomları daha da gücləndirəcək. Qıcıqlanmış bağırsaq sindromunun əlamətlərinin pisləşməsinə səbəb olan bütün qidalar arasında banan, sitrus meyvələri, soğan, kartof, bəzi süd məhsulları, dənli bitkilər (buğda, yulaf, arpa) və qarğıdalı daha güclü təsirə malikdir.

Qarğıdalı siropu iltihabınızı artıracaq. Belə bir şərbətdə heç bir faydalı xüsusiyyət yoxdur - yalnız şəkər və ya yağdan ibarətdir. Qarğıdalı siropu diabet, ürək və qaraciyər xəstəliklərinə səbəb ola bilər. Qarğıdalı yağında da iltihab göstəricilərini artıran çoxlu doymamış yağlar var.

Fərid