Virciniya Universiteti Tibb Fakültəsindən bir qrup fermentləşdirilmiş qidalarda və qatıqda olan bakteriyaların depressiya və narahatlıq da daxil olmaqla psixi xəstəliklərin inkişafının qarşısını ala biləcəyini müəyyən edib. Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticələri “Brain, Behavior, and Immunity” jurnalında dərc olunub.

Araşdırmada müəlliflər laktobasillərə diqqət yetiriblər. Əvvəllər bu bakteriyaların laboratoriya siçanlarında depressiyanı geri qaytara bildiyini göstərmək mümkün idi. İndi mütəxəssislər bu fenomenin dəqiq mexanizmini öyrənməyə qərar veriblər. Məlum olub ki, laktobasillər orqanizmin stressə reaksiyasını tənzimləyən və depressiyanın qarşısını almağa kömək edən immun vasitəçi interferon qamma səviyyəsini saxlayır.

Əldə edilən məlumatlara əsasən, elm adamları depressiya və laktobakteriyaların daxil olduğu digər psixi pozğunluqların qarşısının alınması və müalicəsi üçün yeni üsullar hazırlamaq istəyirlər.