Şirniyyat sevgisi bizə çox vaxt sağlamlığımızı və xoşagəlməz nəticələri unutdurur. Bəs, görəsən, sevdiyimiz yeməkləri yeyib kökəlməmək mümkündür?
Foodinfo.az xəbər verir ki, diyetoloq Alina Çerepanova şirniyyat istəyini azaltmağa kömək edən qidalar barədə və bədən quruluşunuza zərər vermədən desertlərdən həzz almağın mümkünlüyü haqqında danışıb.
O vurğulayıb ki, şirniyyat istəyi çox vaxt aclıq hissi səbəbindən yaranır.
Bu istəyi azaltmaq üçün toxluq hissi əsas şərtdir. Buna isə rasiona kifayət qədər zülal və bitki qidalarını, xüsusən də lifli qidaları daxil etməklə nail olmaq mümkündür. Tərəvəz və meyvələr aşağı kalorili olduğuna görə bu məqsəd üçün idealdır, onları çoxlu miqdarda yemək olar. Daha az kalorili meyvə və giləmeyvələrə üstünlük vermək məsləhətdir.
Şirniyyatlara gəlincə isə, ekspert iddia edir ki, siz çəkinizin fikrini çəkmədən sevdiyiniz delikateslərdən ləzzət ala bilərsiniz. Əsas odur ki, gündəlik kalori normanızı keçməyəsiniz. Əgər desertin kalorisi çox yüksəkdirsə, menyunun qalan hissəsini tənzimləmək lazımdır. Bir sözlə, balansı qoruyun.