Təbii antibiotik kimi tanınan soğan bütün yeməklərin bəzəyidir. Qədim dövrlərdən bəri soğan həm yeməkdə, həm də təbii müalicə üsullarında geniş istifadə edilmişdir. O, insan orqanizminə bir çox müsbət töhfələr verir.

Ətə, şorbaya, qəlyanaltılara, salatlara və bir çox başqa ağlımıza gəlməyən yeməklərə qatdığımız soğanın əslində vitamin mənbəyi olduğunu bilirdinizmi?

 Foodinfo.az təbii antibiotik kimi tanınan soğanın faydalarını təqdim edir.

Soğan qədim zamanlardan müalicəvi məqsədlə, xüsusilə baş ağrılarının, ürək xəstəliklərinin və ağız yaralarının müalicəsində istifadə edilmişdir. Kalorisi az olan qidalardan biri olduğu üçün rahatlıqla istehlak edilir. 

Vitamin, mineral və lif baxımından zəngin olan soğan tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirərək mikroblarla mübarizə aparır. O, həmçinin kollagen istehsalına, hüceyrələrin bərpasına və dəmirin udulmasına kömək edir. 

Tərkibindəki sulfosid və allisin sayəsində təbii antibiotik kimi fəaliyyət göstərir. Soyuqdəymə və boğaz iltihabının qarşısını almaqla yanaşı, bədəndəki infeksiyalara və mikroblara qarşı döyüşçü kimi mübarizə aparır. 

İmmunitet sistemini gücləndirməklə yanaşı, hüceyrələri sərbəst radikallar kimi tanınan molekulların vurduğu zərərlərdən qoruyur. B vitaminləri, o cümlədən B9 və B6 vitaminləri ilə zəngin olan soğan maddələr mübadiləsinin tənzimlənməsi, qırmızı qan hüceyrələrinin istehsalı və sinir sistemi üçün də vacibdir.

Soğan tərkibindəki antioksidantlar və bədəndə iltihabla mübarizə aparan birləşmələr sayəsində trigliseridlərin səviyyəsini azaldır və xolesterini tənzimləyir. Beləliklə, ürək xəstəlikləri riskini azaltmış olur. Tərkibindəki komponentlər sayəsində yüksək təzyiqi tarazlaşdırır və onun qarşısını alır.

Antioksidantlarla çox zəngin olan bu tərəvəzin tərkibində 25 müxtəlif növ flavonoid və antioksidant var. Ürək xəstəlikləri, xərçəng və şəkər xəstəliyinə qarşı qoruyucu təsiri olan antosiyaninlər xüsusilə qırmızı soğanda boldur. Araşdırmalar göstərir ki, qida rasionunda soğan və sarımsaq istehlak edən insanlar yumurtalıq, bağırsaq və qırtlaq kimi bəzi xərçəng növlərindən daha az əziyyət çəkirlər.